İstifadəyə verildiyi 2 il ərzində 2 milyona yaxın vətəndaş “Şəbəkə” mərkəzlərinin xidmətlərindən yararlanıb.
FED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan
"Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir.
Bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk olaraq “Şəbəkə” xidmət mərkəzinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində – https://www.facebook.com/shebeke.az/ 8 Fevral 2019-cu il tarixində müsabiqə keçiriləcək. Müsabiqədə iştirak edərək “Şəbəkə” mərkəzlərinin göstərdiyi xidmətlər barədə 3 suala doğru cavabı yazan ilk 5 izləyici qalib olacaq.
Eləcə də bax: "Azərpoçt" yeni beynəlxalq ödəniş sisteminə - QOŞULUB
Qaliblər 10 fevral tarixində “Azərpoçt” MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılacaq. Eyni zamanda, həmin gün "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara da təşəkkürnamələr təqdim olunacaq.
Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir.
Məlumat üçün bildirək ki, “Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.
Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətləri ilə yanaşı, aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda “Şəbəkə” xidmət mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir. Burada müştərilər xüsusi özünəxidmət terminallarından da istifadə edə bilirlər. “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş imkanı yaradılıb.
Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. 169 Çağrı mərkəzi həftənin bütün günləri 24 saat ərzində fəaliyyətdədir. Eyni zamanda, “Azərpoçt” MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə də müraciətlər qəblul edilir.
Qeyd edək ki, cari ilin yanvar ayı da daxil olmaqla 2 milyona yaxın vətəndaş mövcud “Şəbəkə” mərkəzlərində müxtəlif xidmətlərdən faydalanıb.
“Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da istifadəyə verilməsi nəzərdə tutulub.
"Şəbəkə" 2 milyon nəfərə xidmət edib - YENİ LAYİHƏ
13:18
8 Fev 2019