Dünən iternet vasitələrində yaranan problem saytlara girişdə çətinlik yaradıb. Proses təxminən bir neçə dəqiqə davam edib.
FED.az xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb.
Nazirlik bildirib ki, dünən saytlarla bağlı baş vermiş hal kütləvi xarakterli olmayıb: “İlkin olaraq bildiririk ki, hər bir texniki və server yüklənməsini haker hücumu ilə əlaqələndirmək düzgün deyil. Bu məqsədlə elektron media rəhbərlərinə tövsiyə olunur ki, öz serverlərinin təhlükəsizliyini və yüklənməsini mütəmadi nəzarətdə saxlasınlar.
Əks halda informasiya mübadiləsi zamanı istifadəçilərin çoxluq təşkil etdiyi anlarda hostinq və serverlərin işində texniki problemlər, xüsusilə fasilələr yarana bilər. İlkin araşdırmamız göstərdi ki, məhz dünən yaşanan hal kütləvi xarakter daşımayıb və haker hücumu deyil”.
Məlumatda o da qeyd edilib ki, vəziyyətlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti müvafiq istiqamətdə araşdırmaları davam etdirəcək.