Biznes üçün dayanıqlılıq məsələsi bir kommersiya məsələsidir. Dayanıqlığa sərf olunan resurslar xərc deyil, sərmayədir. Biz əvvəl deyirdik ki, biznesin işi səhmdar faydasının artırılmasından ibarətdir. Amma bu günkü gün görürük ki, dayanıqlılıq məsələsi sırf səhmdar faydasını artıran bir məqamdır.
FED.az xəbər verir ki, bunu BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bu gün "Azercell Telecom" MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirində deyib.
O bildirib ki, şirkətlərdə dayanıqlılıq bir növ əməliyyatlara və biznesə birbaşa təsir göstərən bir göstəricidir. Türkiyədə banklardan biri satış komandalarına əlavə hədəf qoyub ki, sahibkar kreditlərin 5%-ni ilin sonuna qadın sahibkarlara satılmalıdır. Bu dayanıqlıq məsələsinə birbaşa təsir göstərir.
"Cop29 özəl sektor üçün önəmlidir və edəcəyimizi artıq bu gün etməliyik. Bu gün iri şirkətlərin məsuliyyəti tək özlərinin dayanıqlı olması deyil, həm də dəyər zəncirinə verdiyi faydadan ibarətdir. Dəyər zənciri istər müştərilərə və ya potensial müştərilərinə verə biləcəyi dəstəkdən, istər təchizatçılarına olan dəstəkdən ibarətdir. Kiçik və orta biznesdən danışanda onların bu istiqamətdə sərmayə etməsi çətindir. Ona görə iri şirkətlər onlara dəstək olaraq irəli getmələrini təmin edə bilərlər. İri şirkətlər bu məsələyə praktiki yanaşmalıdırlar" - deyə Samir Məmmədov bildirib.