Rusiyanın RİA Novosti agentliyi Azərbaycanda bloklanıb.
Eləcə də bax: MN: "Ermənistan tərəfi dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır"
FED.az xəbər verir ki, iyunun 3-də axşam saatlarından Azərbaycan ərazisində agentliyin saytına giriş məhdudlaşdırılıb.
Azərbaycan hökumətindəki qaynaqlar RİA Novostinin ölkə ərazisində bloklandığını təsdiqləyib.
Qeyd edək ki, Rusiyanın RİA Novosti dövlət agentliyi ötən gün Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yayıb. Agentlik növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini "Dağlıq Qarabağ Respublikası", Artak Beqlaryanı isə "dövlət naziri" kimi təqdim edib.
RİA Novostinin bu addımı Azərbaycanda kəskin etirazla qarşılanıb. Bəzi media qurumları bu addıma adekvat cavab verilməsinə, RİA Novosti, eləcə də "Sputnik" agentliyinin Azərbaycanda bloklanmasına çağırış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi də RİA Novostinin bu hərəkətini pisləyən açıqlama yayıb.
"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.
Dövlət agentliyinin bu addımı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir.
RİA Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin, Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında vurğulanır. (Apa)