İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) COP29 missiyasına uyğun olaraq “Recepta” və “Clopos” startapları ilə birlikdə restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqi üçün strateji əməkdaşlığa başlayır.
FED.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, İRİA bu layihənin həyata keçirilməsinə dəstək verməklə ölkə daxilində yayılmasını təmin edəcək.
“Recepta” rəqəmsal qəbz texnologiyasını tətbiq edəcək və bu həlli geniş miqyasda restoranlar üçün əlçatan edəcək. “Clopos” qabaqcıl POS sistemləri vasitəsilə rəqəmsal qəbz həllərinin texnoloji inteqrasiyasını təmin edəcək.
Bu layihə sahibkarlar, dövlət və müştərilər üçün bir sıra üstünlükləri mümkün edir. Sahibkarlar üçün fərdiləşdirilmiş rəqəmsal çeklərlə müştəri təcrübəsinin təkmilləşdirilməsi, müştəri davranışına dair zəngin məlumatlara əlçatanlıq və hədəf yönümlü marketinq üçün imkanlar yaranır.
Xarici və COP29 ziyarətçilərinə gəldikdə, rəqəmsal çekləri asanlıqla toplamaq və xərclərin geri qaytarılması üçün təqdim etmək mümkün olacaq və bu da səyahət təcrübəsini sadələşdirəcək. Yerli sakinlər bir neçə istehsalçı və istehlakçıdan mükafat və loyallıq proqramlarından yararlana biləcəklər.
Layihənin həyata keçməsinin dövlət üçün kağız tullantılarının əhəmiyyətli dərəcədə azalması ilə ekoloji faydaları və data təhlilinin təkmilləşdirilməsi ilə daha mütərəqqi iqtisadi tənzimləmələrin nəzərdən keçirilməsi mümkün olacaq. Bu, həm də, ölkə olaraq Azərbaycanın dayanıqlıq və rəqəmsal innovasiya sahəsində atdığı əhəmiyyətli addımların göstəricisi olacaq", - qurumdan vurğulanıb.
Qeyd edilib ki, layihədə iştirak edən “Recepta” startapı kağız qəbzlərə olan tələbatı minimuma endirərək, ətraf mühitin qorunmasına və “yaşıl” iqtisadiyyata keçidi sürətləndərən həllər təklif edir. “Clopos” startapı isə restoran bizneslərini innovativ POS proqramı və idarəetmə sistemi ilə təmin edir.