Regionun enerji və nəqliyyat mərkəzi olan Azərbaycanın həmçinin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində infrastruktur layihələri icra olunur.
FED.az xəbər verir ki, bu məqsədlə “NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti tərəfindən Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) fiber-optik infrastruktur layihəsi həyata keçirilir. Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır.
Layihənin Azərbaycan seqmentində dəmir yolları boyunca Cənub, Şimal və Qərb istiqamətlərində beynəlxalq standartlara uyğun yeni fiber-optik kabel xəttinin tikintisi başlanılıb və sürətlə davam edir. Tikintinin ilk ayında 10%-dən çox hissəsi tamamlanıb, bu da 110 km-dən çox olan seqmenti təşkil edir. İnfrastruktur fazası üzrə tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır. Layihənin müxtəlif mərhələlərinə beynəlxalq konsaltinq şirkətləri (“Detecon Consulting”, “DLA Piper” və s.) cəlb olunub. Bu infrastrukturun qurulması regionda multiterabitli magistral marşrutun yaradılmasına imkan verəcək, ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək.
“Rəqəmsal İpək Yolu” layihəsinin Asiya hissəsində Azərbaycan və Qazaxıstan arasında imzalanmış dövlətlərarası sazişə əsasən, Xəzərin dibi ilə Transxəzər Fiber Optik Kabel sisteminin reallaşdırılması istiqamətində proses davam edir. Kabel sisteminin dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü ilk mərhələdə 4-6 terabit/s, növbəti dövrdə isə 16 terabit/s-dən çox olacaq. “Axiom”, “PwC” və digər beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırması aparılıb, layihənin texniki tələbləri tərtib olunub. Həmçinin, kabel marşrutların sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub, layihəyə tələb olunan vəsaitlər ayrılıb. Azərbaycan və Qazaxıstan şirkətlərinin Konsorsiumu formalaşıb və onun çərçivəsində birgə müəssisə yaradılması prosesi növbəti həftə tamamlanacaq. Həmçinin, təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb, tikintinin başlanması üçün hüquqi və texniki işlər tamamlanır. Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin icrasını sürətləndirmək üçün “AzerTelecom” şirkəti ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi arasında müvafiq danışıqlar və razılıqlar əldə olunub, müştərək yol xəritəsi qəbul olunub və imzalanıb.
“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.
“NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır.