Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib.
FED.az xəbər verir ki, konfransın açılışını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Rəqəmsal İdarəetmə Platforması və yeni innovativ sistemlər” mövzusunda təqdimat edib. O qeyd edib ki, Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması müasir çağırışlara adekvat ekosistemin yaradılması məqsədilə maraqlı tərəflərin aktiv və koordinasiyalı iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılmasını, müxtəlif kommunikasiya kanallarının vahid rəqəmsal platforma ilə əvəz olunmasını, potensial islahat sahələrinin analitik innovativ alətlər vasitəsilə avtomatik müəyyən edilməsini təmin edəcəkdir. Rəqəmsal İdarəetmə Platforması həmçinin Komissiyanın fəaliyyətinin səmərəliliyini, çevikliyini və proseslərin şəffaflığını daha da artırmağa imkan verəcəkdir.
Konfrans zamanı digər yeni innovativ alət kimi “E-iştirakçılıq Platforması” da təqdim olunub. Qanunvericilik təşəbbüslərində elektron iştirakı təmin edəcək yeni platforma Komissiyanın işçi qrupları ilə interaktiv əlaqənin yaradılmasını, biznes sahələri üzrə hazırlanan layihələrə elektron platforma üzərindən münasibət bildirilməsini mümkün edəcəkdir.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, “Beynəlxalq ticarət” işçi qrupunun rəhbəri Elnur Əliyev “Xarici ticarət fəaliyyətində rəsmiləşdirmənin təkmilləşdirilməsi: Malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı islahatlar” mövzusunda çıxış zamanı ən son islahatlar barədə ətraflı məlumat verib və bildirib ki, son dəyişikliklərə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmalı olduğu və dəyərin müəyyən edilməsi prosedurlarının malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməsi prinsipi təsbit olunur. Bu sahədə ən son islahatlarla gömrük dəyərləndirilməsi prosesində gömrük-sahibkar kommunikasiyasının yazılı forma ilə yanaşı, elektron formada aparılması imkanı təmin olunur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi” mövzusunda təqdimatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində yaradılan xüsusi altqrupun fəaliyyəti, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi üzrə görülən işlər və əldə olunan nailiyyətlərdən danışıb. O, bu sahədə aparılan islahatlar nəticəsində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrinin ölkəyə idxalında əhəmiyyətli artımın olduğu, bu sahədə maliyyə əlçatanlığının təmin olunduğu və elektrik doldurma məntəqələri ilə bağlı interaktiv xəritənin yaradıldığını qeyd edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, “Biznesə daxilolma” işçi qrupunun rəhbəri Samirə Musayeva isə “Dünya Bankı Qrupunun Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda təqdimatda hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor daxil olmaqla) və digər beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu məqsədilə iqtisadi islahatları təşviq etmək məqsədilə icra olunacaq yeni layihənin konseptual əsaslarını göstərib. Həmçinin yeni layihə ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun rəhbərinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova “Daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı ilə bağlı islahat” mövzusunda təqdimatla daşınmaz əmlakın alqı-satqısı, bağışlanılması, dəyişdirilməsi və vərəsəlik hüququ sahələrində “Bir pəncərə” prinsipinin tətbiqi üzrə ən son islahatlar haqqında məlumat verib. Vurğulayıb ki, bu sahədə prosedurların sayı 4-dən 1-ə, sərf olunan vaxt isə 7 gündən 1 günə endirilib.
Konfransda “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) təşəbbüsü üzrə Strateji Baxış” mövzusunda təqdimatı Komissiyanın “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə” altqrupun üzvü İlahə Əmirbəyova edib. O, ölkəmizdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi sahəsində qarşıdakı dövrdə görüləcək işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə Konseptual yanaşma təqdim edilib. Hazırlanan xüsusi yol xəritəsi isə 5 mühüm istiqaməti əhatə etməklə ESG üzrə resurs potensialının inkişafı, məlumatlılığın artırılması, ESG prinsiplərinin tətbiqinə hazırlıq və tətbiqin təşviqi, ESG ilə bağlı hesabatlılıq istiqamətlərində kompleks tədbirlərin görülməsini özündə ehtiva edir.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.