"Bu sərgi İKT sahəsinin nümayəndələri üçün artıq görüş məkanına çevrilib. Artıq 24 ildir ki, Bakutel sərgisi regionda ən mühüm hadisələrdən biri hesab edilir".
FED.az xəbər verir ki, bu sözləri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında deyib.
Nazir qeyd edib ki, burada İKT təmsilçiləri gələcək inkişaf layihələri barədə müzakirə aparır, İT sahəsində həlledici qərarlar qəbul edirlər:
"Eyni zamanda, Bakutel son texnoloji yeniliklərin nümayişi üçün imkanlar açır. Xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması, dövlət telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi və yeni xidmətlərin göstərilməsi üçün yeni işlər görür. Vətəndaşların poçt, telekommunikasiya və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılan şəbəkə xidmətlərinin sayı davamlı olaraq artırılır".
Nazir çıxışında onu da vurğulayıb ki, Azərbaycan poçtu bu gün ənənəvi xidmətlərlə yanaşı artıq beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə də başlayıb:
"Çindən sifariş olunan elektron ticarət məhsulları buraya gətirilir və Azərbaycandan dünyanın 20-dən çox ölkəsinə göndərilir. Bundan başqa, İKT sahəsinə marağı artırmaq üçün regionlarda da müxtəlif oyunlar və müsabiqələr keçirilir. Bu gün Azərbaycanda tranzit informasiya potensialının artırılması baxımından mühüm addımlar atılır.
Əminəm ki, sərgi ölkəmizdə İKT sahəsinə öz töhfəsini verəcək. Yerli və beynəlxalq arenada fəaliyyət göstərən şirkətlər arasında yeni əməkdaşlıq əlaqələri quracaq".
Qeyd edək ki, sərgi dekabrın 7-nə kimi davam edəcək.