Rabitədə hərbi vəziyyət qaydası - YENİ QƏRAR
09:15
13 Sen 2018
Nazirlər Kabineti “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nda dəyişikliklər edib.
Fed.az-ın məlumatına görə, bu Qayda dövlət hakimiyyəti orqanlarında dövriyyəsi məhdudlaşdırılmış informasiyanın mübadiləsi üçün yaradılan xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi qaydasını müəyyənləşdirir.
Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və qanunvericiliyə uyğun olaraq xüsusi telekommunikasiya şəbəkəsini yaradan digər icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Qüvvədə olan Qaydaya əsasn xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların fövqəladə vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır. Dövlət orqanları sərəncamında olan xüsusi təyinatlı telekommunikasiya şəbəkələrini fövqəladə vəziyyətdə rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət etmək əsasında idarə etməlidirlər. Dəyişikliyə əsasən artıq bu tələblər hərbi vəziyyətə də şamil ediəcək. Eyni zamanda bundan sonra telekommunikasiya operatorları sülh dövründə əməliyyat şəraitinin mürəkkəbləşdiyi hal və fövqəladə vəziyyətlə bərabər, hərbi vəziyyətdə də xüsusi əhəmiyyətli tədbirlərin və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında əlavə telekommunikasiya kanallarını və birbaşa xətləri müvəqqəti istifadə üçün müvafiq qaydada ayırmalıdırlar.