Yaşıl texnologiyalar sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi daim prioritet olmalıdır.
FED.az xəbər verir ki, “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yaşıl texnologiyalar sahəsində innovativ təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, yerli istehsalçılar üçün bu sahədə təşəbbüslərin dəstəklənməsi daim diqqət mərkəzində olmalı və əsas prioritetlərdən biri kimi qalmalıdır.
O bildirib ki, KOBİA bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürüb və yaxın gələcəkdə fəaliyyətlərini daha da genişləndirməyi planlaşdırır.
Orxan Məmmədov həmçinin qeyd edib ki, sahibkarlar üçün yaşıl iqtisadiyyat və ekologiya mövzusunda maarifləndirici tədbirlər təşkil olunub və bu çərçivədə indiyədək 10 sahəvi görüş keçirilib. Bu tədbirlərdə 300-dən çox sahibkar iştirak edib.