"Visa"nın baş direktoru: "Süni intellekt yaxın 5 ildə maliyyə ödənişləri həyata keçirəcək"
Yaxın 5 il ərzində süni intellekt (Sİ) agentləri istifadəçilərə yalnız məhsul axtarışında və ya səyahət planlamasında kömək etməyəcək, həm də maliyyə ödənişlərini həyata keçirəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Visa"nın Rəqəmsal Həllər üzrə baş direktoru Sergey Frantişko "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu proses tam şəkildə istifadəçinin razılığı əsasında baş tutacaq: "İndiki mərhələdə qərar qəbuletmə və ödəniş səlahiyyətlərini 100% süni intellektə həvalə etmək olmaz. Gələcəkdə dəqiq təyin olunmuş tapşırıqlar çərçivəsində süni intellekt agentlərinin şəxsin adından hərəkət edə biləcək".
"Müasir dünya informasiya bolluğu və ciddi zaman qıtlığı ilə xarakterizə olunur. Süni intellekt məhz bu problemi həll edəcək. Məsələn ezamiyyət və ya məzuniyyət zamanı tarixləri təyin etdikdən sonra biletlərin alınması, otel sifarişi və taksi çağırılması kimi rutin işlər tamamilə süni intellekt agentlərinə etibar edilə bilər", - deyə o, bildirib.













