Bir müddətdir ki, "Temu" bağlamalarının çatdırılması ilə bağlı ciddi problemlər yaşanır. Məhsul sifariş edən vətəndaşlar bildirirlər ki, bağlamaları günlərdir gömrükdə qalıb. Səbəbini isə bilmirlər.
Azərbaycan üçün "Temu", "Trendyol", "Aliexpress" məhsulları - BAHALAŞA BİLƏR
Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlamasında gecikmələrin səbəbi vaxtında və düzgün bəyan edilməyən bağlamaların sayının artmasıdır:
"Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya ümumiyyətlə bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur."
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri bağlamalarının günlərdir gömrükdə qaldığını, lakin apardığı araşdırmadan sonra problemi həll edə bildiyini bildirib.
Onun sözlərinə görə, "Temu" üzərindən sifariş etdiyi bağlama yanvarın 29-dan etibarən gömrükdə saxlanılıb. "Düşünürdüm ki, problem öz-özünə həll olunacaq. Araşdırdım və problemin səbəbini tapdım. Artıq bağlamam gömrük yoxlamasından keçib və mənə təhvil verilməlidir", - deyə o qeyd edib.
İstifadəçi problemin həlli qaydasını da izah edib. Bildirib ki, bunun üçün "Smart Customs" sisteminə daxil olmaq, orada bəyan edilmiş bağlamanı seçmək lazımdır. Həmin bölmədə "Öz bağlamanızın daşınmasını göndərən şirkətə həvalə edin" seçimi işarələnməli və təsdiq edilməlidir. Onun sözlərinə görə, bu əməliyyatı etdikdən qısa müddət sonra bağlama çatdırılır. O, eyni problemlə üzləşənlərə də bu qaydada hərəkət etməyi tövsiyə edib.
Şərh bölməsində yazan digər istifadəçilər də video müəllifinin dediklərini təsdiqləyiblər. Onlar bildiriblər ki, eyni əməliyyatı həyata keçirdikdən sonra bağlamaları qısa müddətdə təhvil verilib. (Day.Az)










