"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulub.
"Optimal Elektronika" alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLİB
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Əhəd Əsgərovun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılaraq, onun ölkədən çıxışına "stop” qoyulub.
Əldə etdiyimiz digər məlumata görə, iş adamının təsisçisi olduğu "Stentor" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 23 min 752 manat 6 qəpik borcunu ödəsə də, yerli və xarici şirkətlərə olan milyonlara manat borcu aylardır ödəyə bilmir.
Son bir ildə 82 filialından 39-u bağlanan "Optimal Elektronika” MMC-nin aylardır işçiləri də maaşların ala bilmir. Əməkdaşların 70 faizi işdən çıxsa da, bir neçəsi əmək haqqlarının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Bəzi işçilər isə məcburi qaydada öz hesablarına məzuniyyətə göndərilib.
Məsələ ilə bağlı "Optimal Elektronika” MMC-yə müraciət etdik. Şirkətdən məhkəmə işlərinin olduğu təsdiqlənsə də, sorğumuza daha ətraflı yaxın vaxtlarda cavab verəcəklərini bildirdilər. (Qaynarinfo)