Ötən il ərzində Azərbaycanın mobil rabitə operatoru "Nar" tərəfindən ümumilikdə 150-dən çox baza stansiyası quraşdırılıb ki, bununla da 4G baza stansiyalarının sayı 2 700-ü, 3G baza stansiyalarının sayı isə 2 800-ü ötüb.
FED.az xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Qunnar Panke ilin yekunlarına həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, hazırda şəbəkədəki ümumi internetin təxminən 84%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir.
"Bundan başqa, ölkə ərazisində yeni baza stansiyaların quraşdırılması sayəsində 4G istifadəçilərin sayı 33% artıb. Bu göstərici üzrə xüsusi artım isə 52%-lə bölgələrdən olan istifadəçilərin payına düşür", - deyə Q. Panke qeyd edib.
O həmçinin əlavə edib ki, 2020-ci il ərzində "Nar" mobil rabitə operatoru tərəfindən müştərilərə göstərilən yüksək keyfiyyətli xidmət sayəsində müştəri loyallığı indeksi üzrə 30% artım qeydə alınıb. (Apa)