Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirildi. Azərbaycan avtomobil idmanı tarixinə yeni bir səhifə yazan bu festivalda "Kontakt" mağazalar şəbəkəsi qalib oldu.
Bakı şəhərinin mərkəzi küçələrində keçirilən festivalda yerli və beynəlxalq sürət həvəskarları bir araya gəldi. Festival çərçivəsində bir çox maraqlı tədbirlər və yarışlar keçirildi, bunlar arasında ən diqqət çəkəni isə adrenalin dolu “Legend Cars Challenge Baku” yarışı idi.
Dünyanın dörd bir yanından çoxsaylı pərəstişkarları cəlb edən, dinamik yürüşləri ilə tanınan bu yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillərdən istifadə olunub. “Legend Cars Challenge Baku” yarışının qalibi “Kontakt” komandası olub.
Qeyd edək ki, yarış xüsusi quraşdırılmış trasda maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib.
Sonda isə, təşkilatçılar "Kontakt" komandasını qalibiyyət münasibətilə təbrik edib, mükafat təqdim etdilər. Bununla da, bir çox yerli şirkətin iştirak etdiyi bu yarışda qalib olan “Kontakt” mağazalar şəbəkəsi ölkədə avtomobil idmanının inkişafını dəstəklədiyini bir daha göstərdi.