20 noyabrda Qətərdə futbol azarkeşləri üçün 2022-ci ilin ən gözlənilən idman hadisəsi olan futbol üzrə FIFA Dünya Çempionatı start götürür. Bununla belə, bu mötəbər turnir təkcə azarkeşlərin deyil, həm də ona olan kütləvi marağı tez bir zamanda qazanca çevirməyə çalışan kiber fırıldaqçıların diqqətini cəlb edir.
Eləcə də bax: «Netflix» adı ilə viruslar yüklənib pulları oğurlayır – ŞİRKƏTDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, Kaspersky mütəxəssisləri FIFA 2022 ərəfəsində təcavüzkarların istifadəçilərin identifikasiya və bank məlumatlarını oğurlamaq üçün istifadə etdikləri fişinq saytlarını təhlil edib. Saxta veb səhifələrə çempionatın oyunlarına biletlər, NFT-lər, FIFA ilə əlaqəli mallar və axın (stream) xidmətlərinə giriş təklif edən resurslar daxildir. Aşağıda ən geniş yayılmış beş dələduzluq sxemini təqdim edirik.
Bilet fırıldaqçılığı
Çox vaxt qurbanları tələyə salmaq üçün təcavüzkarlar yem olaraq Dünya Çempionatı üçün saxta biletlərdən istifadə edirlər. FIFA 2022-də rəsmi olaraq yalnız rəqəmsal biletlərin satılması faktı istifadəçilərin fırıldaqçıların hiylələrinə aldanma və şəxsi məlumatlarını, bank rekvizitlərini və ya pullarını qapdırma riskini artırır. Bundan əlavə, təcavüzkarlar oğurlanmış məlumatları başqa məqsədlər üçün istifadə edə və ya darknetdə sata bilərlər.
Çox səxavətli hədiyyələr
Heç bir böyük ictimai tədbir səxavətlə aşıb-daşan hədiyyələr vəd edən müdaxilələr olmadan keçməz. Kaspersky mütəxəssisləri dünya çempionatına bilet qazanmağı təklif edən fişinq səhifələri aşkar ediblər. Eyni zamanda, zərərli saytın sözün əsl mənasında hər bir istifadəçisi belə bir lotereyada "qalib" olur - biletləri əldə etmək üçün guya o, yalnız çatdırılma haqqını ödəyir və bu pul birbaşa fırıldaqçıların hesabına köçür.
Tematik məhsullar satan yalançı mağazalar
Kibercinayətkarların istifadəçi məlumatlarını oğurlamaq üçün istifadə etdiyi digər bir üsul FİFA ilə əlaqəli saxta məhsul mağazaların misalında meydana çıxır. Bu, məşhur bir komandanın formaları, üzərində məşhur oyunçular əks olunan telefon üzlükləri və ya imzalı futbol topları ola bilər. Məlumatlarını daxil etdikdən və belə bir saytda alış-veriş etdikdən sonra azarkeşlər heç bir məhsul əldə etmir və pul itirirlər.
Kriptovalyuta və NFT dələduzluğu
2022-ci il Dünya Çempionatı ərəfəsində təhlükə landşaftının bir başqa xüsusiyyəti, əsasən NFT-lərin populyarlığından istifadə edərək kripto fırıldaqçıların aktiv şəkildə yayılmasıdır. Bəziləri oyunlara mərc etməyi və kriptovalyuta qazanmağı təklif edir, digərləri isə incəsənət predmetləri üçün NFT sahibi olmağı təklif edir. İstifadəçinin etməli olduğu yeganə şey "mükafatı" birbaşa almaq üçün kripto pul kisəsinin məlumatlarını daxil etməkdir. Belə bir ssenaridə fırıldaqçılar pul kisəsindəki bütün yığımlara və məlumatlara giriş əldə edirlər.