Süni intellektin tətbiqi və data idarəçiliyində yeni strategiyalar hazırlanır.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İT əməliyyatları direktoru Sadiq Axundov bu gün keçirilən “FİNTEX Summit-2025” konfransında bildirib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanan 2024-2026-cı illəri əhatə edən strateji sənəddə data və süni intellekt sahəsində genişmiqyaslı işlər planlaşdırılır.
Direktor qeyd edib ki, hazırda Mərkəzi Bank tərəfindən data metodologiyası və süni intellekt (AI) metodologiyası hazırlanır və yaxın vaxtlarda banklara təqdim olunacaq. Bu təşəbbüslər ölkənin maliyyə sisteminin inkişafında mühüm rol oynayacaq.
Mərkəzi Bank eyni zamanda nəzarət və tənzimləmə alətlərinin tətbiqini gücləndirir. Süni intellekt sahəsində artıq bəzi real tətbiqlər həyata keçirilib və ilkin qiymətləndirmələr göstərir ki, banklarda AI həlləri uğurla istifadə olunur və müsbət nəticələr verir.
İT əməliyyatları direktoru vurğulayıb ki, süni intellekt texnologiyalarının tətbiqi zamanı fərdi məlumatların qorunması və sızdırılmaması xüsusi önəm daşıyır. Mərkəzi Bank bu sahədə şəffaflığı və təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir.