Valyuta mübadiləsi ilə əlaqədar problemlərə daha çox "Azərpoçt" MMC-nin kiçik şöbələrində rast gəlinir.
"Azərpoçt" I yarımilin maliyyə nəticələri haqda - BRİFİNQ KEÇİRİB
FED.az xəbər verir ki, bunu çərşənbə axşamı "Azərpoçt" MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilov 2023-cü ilin birinici yarısının yekunlarına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, "Azərpoçt" maliyyə xidmətləri göstərmək üçün müvafiq lisenziyaya malikdir və Mərkəzi Bankın tələblərinə cavab verir.
"Belə ki, lisenziyaya əsasən kass əməliyyatları, inkassasiya üzrə xidmətlər həyata keçirilməlidir, həmçinin pul vəsaitlərinin saxlanılması üçün xüsusi seyflər quraşdırılmalıdır. Bəzi kiçik şöbələrin infrastrukturu isə bu təşəbbüslərin həyata keçirilməsinə imkan vermir və biz orada böyük məbləğdə pullar saxlaya bilmirik, nəticədə valyuta mübadiləsi ilə bağlı problemlər yaranır. Əlbəttə, biz bu məsələdə əhalinin tələbatını qarşılamağa çalışırıq. Məsələn, mərkəzi və iri şöbələrimizdə müvafiq infrastruktur var və vətəndaşlar orada istənilən valyuta əməliyyatlarını həyata keçirə bilərlər, vəsait çatışmazlığı ilə bağlı problemlər yaranmır", - deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl "Azərpoçt" MMC-nin rayon şöbələrində valyuta mübadiləsi ilə bağlı problemlərin olduğu bildirilib. Xarici valyutada böyük məbləğlərin həm alışında, həm satışında çətinliklər yarandığı qeyd olunub. (Trend)