Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərkosmos" və İsveçrənin “Signalhorn” şirkəti arasında növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.
FED.az nazirliyə istinadən xəbər verirk ki, müqaviləyə əsasən “Signalhorn” şirkəti “Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən dənizdə internet xidmətləri təqdim etməyə başlayıb.
Azerspace-1 peykinin resursları “Signalhorn” şirkətinə məxsus teleportdan birbaşa Aralıq dənizində hərəkət edən kruiz gəmilərinə ötürülür.
Qeyd edək ki, Azərkosmos qlobal peyk rabitəsi bazarının əsas seqmentlərindən biri olan dənizdə genişzolaqlı rabitə imkanlarını təkmilləşdirməyə davam edir. Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı və stabil internet xidmətləri təqdim edilir.
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına peyk xidmətləri təqdim edir.