Ödənişli televiziya yayımı xidmətlərinə abunə olanların sayının artımı fonunda sözügedən xidmətləri göstərən operatorların gəlirləri azalır.
Eləcə də bax: AzTV ilk dəfə maliyyə hesabatını açıqlayıb - Zərərlə İşləyirmiş
FED.az xəbər verir ki, bunu EMEA regionu üzrə (Avropa, Yaxın Şərq və Afrika) "Satellite 2021" rəqəmsal forumunda çıxış edən "Azercosmos" ASC-nin strateji inkişaf və planlaşdırma meneceri Natəvan Həsənova deyib.
Onun sözlərinə görə, Asiyanı rabitə bazarları Avropa, Yaxın Şərq və ABŞ bazarları ilə eyni trayektoriya ilə irəliləyir.
"Bazarlar daha da yetkinləşir və ödənişli televiziya yayımı üzrə abunəçilərin sayı çoxaldıqca, artan rəqabət səbəbindən abunə gəlirləri azalır və bu da qiymətlərin enməsinə səbəb olur", - deyə N. Həsənova qeyd edib.
Bənzər fikir Çinin "Asiasat"ın baş direktoru Rocer Tonq tərəfindən də səsləndirilib. Belə ki, onun sözlərinə görə, bölgədəki bir çox şirkət kimi "Asiasat"ın da göstərdiyi xidmətlərə tələbatın və abunəçi sayında əhəmiyyətli artımın olmasına baxmayaraq, şirkətin gəlirləri və xalis mənfəəti azalır.
R. Tonq əlavə edib ki, internet xidmətlərinin qiymətləri yayım xidmətləri qiymətlərindən daha sürətlə endiyindən, peyk internetindən əldə olunan gəlirlər də azalmağa başlayacaq.
Həmçinin qeyd olunub ki, operatorlar ənənəvi peyk infrastrukturundan kənara çıxmalarının vacibliyi ilə razılaşsalar da, onların hər biri özünün diversifikasiya yolunu müəyyənləşdirir. (Apa)