Tokio-2020 Yay Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya Komandalarının Məğrur Tərəfdaşı kimi çıxış edən “Azercell” ölkəmiz üçün böyük uğurla nəticələnən bu əhəmiyyətli yarışın medalçılarını bir araya toplayaraq təbrik etdi.
Şirkətdən FED.az-a verilən məlumata görə, oktyabr ayının 12-də “Azercell”in prezidenti Zərinə Zeynalova, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin iştirakı ilə keçirilən görüşə Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olan idmançılar da qatıldı. Tədbirdə qonaqları salamlayan “Azercell” şirkətinin prezidenti Z. Zeynalova öz çıxışında bildirdi ki, 23 olimpiyaçı və paralimpiyaçılarımızın müxtəlif idman növlərində toplam olaraq 26 medal qazanması ölkəmiz üçün böyük bir fəxrdir: “Yarışlara qatılan və mükafat alan bütün idmançılarımız, xüsusilə də bu il rekord sayda qızıl medal qazanaraq Azərbaycanın adını 10 lider ölkə sırasına daxil edən paralimpiyaçılarımzla qürur duyur, onları ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram! Tokio-2020 çərçivəsində “Azercell”i Məğrur Tərəfdaş kimi dəvət edən Azərbaycan Milli Olimpiya Komitəsinə və Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkür edirəm!” Tədbirdə, həmçinin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da söz alaraq ölkəmizdə olimpiya və paralimpiya hərəkatlarına olan dəstəyə görə təşəkkürünü bildiriblər. Ç.Hüseynzadə qeyd etdi ki, Olimpiya və Paralimpiya Komandasının Tokio 2020 Oyunlarındakı iştirakı və yarışların nəticələrinin Azərbaycan, eyni zamanda dünyaya çatdırılmasında ölkənin bir nömrəli mobil operatoru olan Azercell şirkətinin böyük zəhməti var.
Tədbirdə bütün qalib idmançılara “Azercell Telekom” adından sertifikatlar və dəyərli hədiyyələr təqdim olundu.
Xatırladaq ki, Tokio-2020 Olimpiya və Paralimpiya oyunlarında Azərbaycanın Milli Olimpiya yığması 3 gümüş və 4 bürünc medal, Milli Paralimpiya Yığması isə 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Ümumilikdə, Azərbaycan idmançıları ölkəmizə 14 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdıblar.
Məlumat üçün bildirək ki, “Azercell” 2004-cü ildə Afinada keçirilən yay oyunlarında Azərbaycanın Milli Olimpiya Yığmasının tərəfdaşı olmuşdur. Bundan başqa, “Azercell” 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin sponsorudur. Bu komitədə yetişmiş idmançılar ayrı-ayrı illərdə ölkəmizə beynəlxalq turnirlərdə müxtəlif medallar qazandırıb.