Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un 2020-ci ildə gəlirləri 2019-cu illə müqayisədə 4,4% artaraq 455 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Qeyd olunub ki, hesabat ilində "Azercell"in xalis mənfəəti 2019-cu illə müqayisədə 1% artaraq 102 mln. manata çatıb.
Ötən il şirkət tərəfindən dövlət büdcəsinə 111,9 mln. manat vəsait köçürülüb. Bu göstərici ümumilikdə şirkətin fəaliyyət dövründə (24 il ərzində) 2 mlrd. manata yaxın olub.
2020-ci il ərzində "Azercell" ölkədə telekommunikasiyanın inkişafına 58 mln. dollar, fəaliyyət dövründə isə təxminən 1,7 mlrd. dollar sərmayə yatırıb.
"Son 2 ildə şirkətin LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsi 35,9%-dən 85,1%-ə, coğrafi baxımından isə 22,5%-dən 72,4%-dək genişləndirilib. Hazırda "Azercell" şəbəkəsində LTE baza stansiyalarının sayı 2 679 təşkil edir. Son bir il ərzində 784 LTE stansiyası istifadəyə verilib", - "Azercell"dən qeyd olunub.
Şirkətdən həmçinin bildirilib ki, 2020-ci il ərzində səs trafiki illik ifadədə 14%, internet trafiki isə 60% artıb.