“Azercell Telekom” MMC-nin yaydığı rəsmi məlumata əsasən 25 fevraldan etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində aylıq abunə haqqı olaraq 2 AZN (ƏDV daxil) müəyyən edilib.
FED.az xəbər verir ki, abunəçilər bu məbləğ qarşılığında 30 günlük istifadə müddəti ərzində 25 şəbəkədaxili danışıq dəqiqəsi və 250 MB həcmində internetdən yararlana biləcəklər.
Dünya operatorlarının xidmətləri paketlər şəklində təqdim etmə praktikasını nəzərə alaraq, bu dəyişikliklərin istifadəçilər üçün təsirləri araşdırılıb. Hazırda Azercell-in bu tarif paketlərində internetdən paketsiz istifadəyə görə minimum 0.20 AZN, maksimum isə 0.40 AZN xidmət haqqı tətbiq olunur. Bu isə 250 MB həcmində istifadə üçün minimum 50 AZN tətbiq edildiyi deməkdir. Yeni şərtlərə əsasən, artıq bu tariflərdə paketsiz internet istifadəsi mümkün deyil ki, bu da abunəçiləri “bill shock”dan (gözlənilməz xərclər) qoruyur.
Digər tərəfdən, hazırda minimal aylıq internet paketi 1.5 GB təşkil edir və aylıq abunə haqqı 6 AZN-dir. Beləliklə, 250 MB həcmində təqdim olunan internet paketi internetdən az istifadə edən abunəçilər üçün daha sərfəli alternativdir.
Mövcud tariflər üzrə şərtlərə baxdıqda, danışıq dəqiqələrinin qiymətinin 0.08-0.10 AZN arasında dəyişdiyini görmək olar. Bu hesabla, 25 şəbəkədaxili danışıq dəqiqəsi abunəçilərə ən azı 2 manata başa gəlir. Yenilənmiş şərtlərə əsasən isə abunəçilər eyni məbləğlə həm danışıq dəqiqələrindən, həm də internetdən istifadə imkanı əldə edəcəklər.