Azərbaycanda 650-dən çox şirkət Sənaye 4.0 proqramından keçəcək.
“4SIM Azerbaijan” və “Binance” arasındakı memorandumun detalları - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində şirkətlər üçün rəqəmsal transformasiya yol xəritəsi hazırlanacaq: “Beləliklə, 650 şirkət rəqəmsal transformasiya, yəni Sənaye 4.0 prosesindən keçəcək”.
F. Cəfərov vurğulayıb ki, Sənaye 4.0 platformasının təşkilatlara müsbət təsiri olacaq: “Bu yanaşma anbar xərclərini 20-40 % azaldacaq, əmək məhsuldarlığını isə 15-30 % artıracaq”.
O qeyd edib ki, hazırda sənaye prosesindən keçən şirkətlərin toplanacağı reyestr yaradılır.
O, həmçinin xatırladıb ki, Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Mərkəzin məqsədi qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda Azərbaycanın mövqeyini gücləndirmək və ölkəni bu sahədə aparıcı dövlətlər sırasına çıxarmaqdır.
“4SİM, həmçinin Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı əlaqələndirir, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir”, – deyə F. Cəfərov əlavə edib.
O bildirib ki, ötən il mərkəz 30-dan çox beynəlxalq tərəfdaş və 100-dən çox yerli təşkilatla əməkdaşlığa başlayıb. (Report)