"Apple" şirkəti 2023-cü ildə fiziki SIM kart slotu olmayan ilk smartfonunu buraxacaq.
Eləcə də bax: Azərbaycanda virtual SIM kartlar - TƏTBİQ EDİLƏ BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Braziliyanın "Blog do iPhone" bloqunun müəllifləri yazıb.
Mütəxəssislər "iPhone 15"in 2023-cü ilə planlaşdırılan ilk vacib xüsusiyyətini açıqlayıblar. Açıqlanan məlumatlara görə, "Apple" smartfonlarda fiziki SIM kart slotlarından imtina etmək niyyətindədir. O, eSIM (virtual SIM kartlarla) ilə əvəz olunacaq. Bu texnologiya fiziki olaraq operatora bağlanmadan telefona bir və ya bir neçə nömrə yazmağa imkan verir.
"Apple" bu planlarını "MacRumors" nəşrinə təsdiqləyib. Bununla belə, insayderlərin fikrincə, ABŞ şirkəti artıq 2022-ci ilin sentyabrınadək "iPhone 14"ün buraxılışına klassik SIM kartlardan imtina edə bilər. Bildirilir ki, "Apple" 2022-ci ilin ikinci yarısında SIM kart slotu olmayan smartfonların istehsalına başlayacaq. Eyni zamanda, yenilik həm yeni "iPhone 14", həm də hazırkı "iPhone 13"ə də aid olacaq. Yeni tipli qurğular həm "Apple"ın onlayn mağazasında, həm də şirkətin tərəfdaşlarının mağazalarında təklif olunacaq.
Şirkət hesab edir ki, eSIM texnologiyasına keçidin vaxtı çatıb və bu texnologiya dünyanın əksər regionlarında, eləcə də son bir neçə ildə buraxılan bütün "Apple" smartfonlarında dəstəklənir.