Kaspersky şirkətinin mütəxəssisləri "Android" smartfonların istifadəçilərindən pul vəsaitlərinin oğurlanmasına hədəflənmiş yeni dələduzluq sxemi barədə məlumat veriblər. Yeni dələduzluq sxeminin əsas hədəf kütləsi yaşlı istifadəçilər, uşaqlar və "Android" smartfonlardan az istifadə təcrübəsinə malik şəxslərdir.
Kiberdələduzlar məlumatlarınızı bu yolla - ƏLƏ KEÇİRİR
Bu barədə FED.az-a Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.
Verilmiş məlumata əsasən dələduzların əsas məqsədləri istifadəçiləri öz cihazlarına uzaqdan idarə funksiyalı tətbiqi quraşdırmağa məcbur etməkdir. Bu cür tətbiq vasitəsilə dələduzlar öz qurbanlarının mobil bank tətbiqlərinə daxil olmaq üçün nəzərdə tutulmuş hesabları ələ keçirirlər və tez bir zamanda onların pul vəsaitlərini özlərinə köçürürlər.
Bunun üçün dələduzlar bank əməkdaşı kimi özlərini təqdim edirlər və istifadəçiləri öz smartfonlarına dəstək xidməti tətbiqini quraşdırmağa sövq edirlər. Bu istiqamətdə dələduzlar istifadəçilərə messencer vasitəsilə APK fayl göndərirlər. Tətbiqin quraşdırılmasından və smartfon üzərində idarənin təqdim olunmasına istiqamətlənmiş kiçik təlimatın yerinə yetirilməsindən sonra istifadəçi öz pul vəsaitlərini itirmiş olur. Bununla belə quraşdırılan tətbiqin interfeysi müvafiq bankın interfeysinə çox bənzəyir. Dələduzlar uzaqdan idarə üçün olan legitim tətbiqləri kopyalayırlar və onları təkmilləşdirərək insanları aldadırlar.