“Yaxın gələcəkdə paytaxtın memarlıq simasına yeni nəfəs gələcək”
Bakıda binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Rekam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov yeni qüvvəyə minmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında qərar barədə mediaya açıqlamasında bildirib. Layihənin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək məqsədilə hazırlandığını bildirən İdarə Heyətinin sədri A.İbadov onun beynəlxalq təcrübədən yararlanaraq ərsəyə gəldiyini vurğulayıb.
O qeyd edib ki, Bakı şəhəri ərazisində tarixi, mədəni, memari dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyi əsas tutularaq, layihənin ilkin olaraq paytaxtda tətbiqi qərara alınıb. Sahibkarlar nəzərə alınaraq onların fəaliyyətinə çətinlik yaratmamaq məqsədilə qərarın icrası mərhələli şəkildə həyata keçiriləcək. Agentliyin İdarə Heyətinin sədri bildirib ki, paytaxtımızın yeni reklam siması sakinlər və şəhərimizin qonaqlarının zovqünü oxşayacaq.