Bu gün Bakı-Quba-Rusiya sərhədi yolunun 45-ci kilometrliyində yük avtomobilləri üçün elektron tərəzi istifadəyə verilib.
Azərbaycanın ilk ödənişli yolunun əksər hissəsində işlər - YEKUNLAŞIB
FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, yeni texnologiyaya əsaslanan tərəzi Türkiyənin “ASELSAN” şirkəti ilə birgə istifadəyə verilib.
Qeyd edək ki, avtomobil yollarında tərəzilər yolların qorunması məqsədilə quraşdırılır. Tərəzilər yük avtomobillərinin ümumi çəkisinə və oxa düşən kütləsinə nəzarət etməyə imkan verir.
Tərəzilərin elektron olması isə imkan verir ki, pozuntu aşkar edildikdə avtomatik olaraq həmin avtomobillə bağlı inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılsın.
Belə ki, çəki ilə bağlı pozuntu və inzibati xəta aşkar ediləndə avtomatik olaraq elektron qərarın çıxarılması üçün Daxili İşlər Nazirliyinə, nazirliyin elektron bazasına məlumat göndəriləcək.
Nazirlik bildirir ki, yollarda elektron tərəzilərin quraşdırılması 2 mərhələ üzrə aparılır.
I mərhələdə yolda 11 yerdə olmaqla, yolun sağ və sol tərəflərində cəmi 19 tərəzinin quraşdırılması nəzərdə tutulub. Layihənin 2024-cü ilin oktyabr ayınadək yekunlaşdırılması planlaşdırılır.
II mərhələdə isə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması nəzərdə tutulub.
Məlumatların vahid mərkəzdə toplanılması üçün tərəzilərin idarəetmə mərkəzinin yaradılması da planlaşdırılır.