Azercell və Azərbaycan Cüdo Federasiyasının ortaq layihəsi Azərbaycan reklam və marketinq tarixində ilk dəfə olaraq “Epica Awards” mükafatına layiq görüldü
FED.az xəbər verir ki, “Qızlara ağ yaraşır” layihəsi “Epica Awards” festivalında 2 nominasiya üzrə medallara layiq görülüb. Festivalın münsiflər heyəti yalnız marketinq və kommunikasiya sahəsi üzrə ixtisaslaşmış 115 jurnalistlərdən ibarətdir. Sosial layihə “Ünsiyyət və İctimai Xidmətlər” kateqoriyasında gümüş, “İdmanla Bağlı Reklam Kampaniyası” kateqoriyası üzrə isə bürünc mükafat əldə edib. Qeyd edək ki, 115-dən çox jurnalistin dəyərləndirmə apardığı bu festivalda ilk dəfədir ki, Azərbaycanı təmsil edən layihə mükafata layiq görülüb.
“Qızlara ağ yaraşır” layihəsi bundan öncə “Ad Black Sea” beynəlxalq festivalında və Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı — “Red Jolbors”da Qran-pri və müxtəlif mükafatlar əldə etmişdi.
Qeyd edək ki, ölkənin lider mobil operatoru Azercell və Azərbaycan Cüdo Federasiyasının birlikdə həyata keçirdiyi sosial kampaniyanın əsas məqsədi qızları cüdoyla məşqul olmağa həvəsləndirməklə onları sağlam və fəal həyat tərzi sürməyə təşviq etmək, həmçinin erkən nikahlara qarşı mübarizə aparmaq idi.
Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub.
“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: https://qizlaraagyarasir.az/#