Qazaxıstan Xəzərin dibi ilə Azərbaycan ərazisindən internet kabeli çəkəcək, bunun üçün birgə müəssisənin yaradılması planlaşdırılır.
Eləcə də bax: Qazaxıstan neftinin nəqli üçün Azərbaycanla - MÜZAKİRƏLƏR APARILIR
FED.az xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi bildirir.
Nazirliyin məlumatına görə, Qazaxıstan və Azərbaycan hökumətləri arasında imzalanmış saziş çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin tikintisi planlaşdırılır.
“Hazırda Qazaxıstan tərəfdən magistral rabitə xətlərinə sahib olan operatorun müəyyənləşdirilməsi istiqamətində iş aparılır”, - deyə məlumatda vurğulanır.
Layihənin həyata keçirilməsi üçün 50/50 iştirak payı ilə birgə müəssisə yaradılacaq.
İştirakçı operatorlar fiber-optik rabitə xətlərinin tikintisi layihəsinə öz vəsaitlərini yatıracaq. Layihənin ilkin dəyəri $40 milyon təşkil edir. Dənizin dibi ilə kabelin uzunluğu təxminən 380-400 km olacaq. Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək. Layihənin reallaşdırılma müddəti hələ dəqiqləşdirilməyib.
Nazirlikdən qeyd ediblər ki, hazırda Qazaxıstan tərəfdən operatorun (daha əvvəl “Transtelekom” olmalı idi) dəyişdirilməsi ilə bağlı Azərbaycanla danışıqlar aparılır. (İnterfaks-Azərbaycan)