Bu gün Bakıda Rusiya və Azərbaycanın rabitə operatorlarının rəhbərlərinin görüşü keçirilib.
FED.az xəbər verir ki, görüşə Azərbaycan Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Rusiya Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müşaviri Mixayıl Mamonov başçılıq edib.
Tədbirdə Azərbaycan və Rusiya tərəfindən mobil rabitə və telekommunikasiya şirkətlərinin rəhbərləri, eləcə də səlahiyyətli şəxsləri iştirak edib.
Görüşdə mobil rabitə, telekommunikasiya və poçt sahəsində Azərbaycan-Rusiya arasında səmərəli əməkdaşlıq, bununla yanaşı, bəzi problemlər müzakirə olunub.
Belə ki, görüşdə səsləndirilən mühüm məsələlərdən biri Rusiya mobil operatorlarının Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısının alınmasının vacibliyi olub. Qeyd edək ki, Azərbaycan tərəfi bu məsələni Rusiya qarşısında artıq bir neçə dəfə qalırıb.
Bundan başqa, görüşdə beynəlxalq rouminq tariflərinin aşağı salınması, poçt sahəsində elektron ticarət mübadiləsinin genişləndirilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də danışıqlar davam etdirilib.
Azərbaycan və Rusiya operatorları mobil rabitə şəbəkələrində beynəlxalq telefon trafikinin qanunsuz istifadəsinin qarşısını almaq üçün “SİM-box” qurğuları ilə birgə mübarizəni də müzakirə ediblər.