2018-ci ilin nəticələrinə görə, qlobal miqyasda hüquq mühafizə orqanlarında istifadə olunan proqram təminatı və digər IT sistemlərinə ümumilikdə 11,6 milyard dollar vəsait xərclənib.
Eləcə də bax: "Facebook" hamını - ÜZDƏN TANIYACAQ
FED.az xəbər verir ki, bəzi müstəqil ekspertlərin fikrincə, bu rəqəm yaxın üç ildə 18,1 milyard dollara çatacaq.
Bəs, cinayətkarı saxlamaqda və ya baş verəcək cinayətin qarşısını almaqda hansı yeni texnologiyalardan istifadə olunur?
Məlum olduğu kimi, Azərbaycan hüquq mühafizə orqanlarında istifadə olunan yeni texnologiyalar barədə elədə çox məlumat verilmir. Lakin ara-sıra yerli mətbuatda yayılan xəbərlərə diqqət yetirsək, Azərbaycanda cinayət prosesinin araşdırılmasında mobil cihazlar və sosial şəbəkələr daha çox rol oynadığını müşahidə edə bilərik. Xüsusilə də, narkotik maddələrin satışı ilə məşğul olan cinayətkarın bir qismi müasir sosial şəbəkələr vasitəsilə ifşa olunaraq, həbs edilir.
Maraqlıdır, dünya ölkələrində hüquq mühafizə orqanları hansı yeni texnologiyadan istifadə edir?
Üz tanıma, robotlar, DNT analizləri.....
Çox uzağa getmədən, elə Rusiyadan başlayaq. Süni intellekt.
NTechLab
Rusiyanın NTechLab şirkəti neyron şəbəkələrinin hazırlanması və inkişafı ilə məşğuldur. Şirkətin əsas məhsulu "FindFace SDK" üz tanıma sistemidir. Sözügedən sistem video və ya fotoşəkildə üzü müəyyənləşdirir, biometrik şablon qurur və verilənlər bazasındakı digər şablonlarla müqayisə edir. Rusiya Federasiyasında NTechLab şirkətinin əsas müştərisi hüquq mühafizə orqanlarıdır. Ötən ilin yazında FindFace-in köməyilə rus polisi Tatarıstanda 11 cinayətkarı saxlamağa müvəffəq olub. Sistem obyektivlərə tuş gələn şəxsləri və cinayətkarların şəkillərinin məlumat bazası ilə müqayisə edərək, cinayət prosesinə yardımçı olub. Eyni zamanda, FindFace vasitəsilə Rusiyada keçirilən Futbol üzrə Dünya Kubokunda 180-dən çox qanun pozucusu ələ keçirilib. Polis şəhər daxilində quraşdırılan video nəzarət sisteminə axtarışda olan şəxsin şəklini göndərir və bu şəkil sistemin bazasına yüklənərək axtarılır. Sistem şəxsiyyəti müəyyənləşdirərək, həmin şəxsin yaşayış yerini və şəhər ətrafında hərəkət marşrutunu təyin edir. NTechLab texnologiyaları paytaxt Moskva, eləcə də Sankt-Peterburq, Ryazan və Almetyevskdə (Tatarıstan) aktiv istifadə olunur.
Cloud Walk
Cloud Wolk Çinin hüquq mühafizə orqanları tərəfindən geniş istifadə olunan yeni texnologiyadır. Sistem üz, səs və barmaq izlərini tanıya bilir. Həmçinin insanların hərəkət və davranışlarını təhlil edərək, polis işçilərinə cinayəti araşdırmaqda kömək edir. Üç il bundan öncə Cloud Walk sistemi vasitəsilə 10 mindən çox cinayətin üstü açılıb. Cloud Walk kameraları qatar stansiyalarında, hava limanlarında və banklarda quraşdırılıb. Startapın mühəndislik və texnologiya mərkəzləri artıq Chongqing, Şanxay, Guangzhou, Suzhou və Chengdu-da mövcuddur.
Staqu
Hindistan polislərinin ən çox müraciət etdiyi yeni texnologiyalardan biri də Staqu startapıdır. Startapa daxil olan ABHED (Artificial Intelligence Based Human Efface Detection) tətbiqi ilə barmaq izi analizi, üz tanıma və səs tanıma müəyyənləşdirilir. Jarvis isə video analiz üçün əsaslı texnologiyadır. Bu sistem həbsxana işçilərinə məhkumları izləmək və təhlükəli vəziyyətlərin qarşısını almağa kömək edir. Hindistan hüquq mühafizə orqanlarının müraciət etdiyi böyük məlumatları emal edən və təhlil edən Pine platforması insanları tapmaq, hadisələr arasında əlaqələr qurmaq və cinayətləri proqnozlaşdırmaq üçün linqvistik emal, görüntü əsaslı axtarış texnologiyalarından istifadə edir. Polis real vaxt rejimində potensial cinayətkarları tanımağa kömək edən Süni intellekt əsaslı "ağıllı" eynəklərdən də istifadə edir. Eynəklər insanların şəkillərini çəkən və cinayətkarların məlumat bazası ilə şəkilləri müqayisə edən kameralarla təchiz edilib. Əgər bu məlumatlar arasında uyğunluq varsa, informasiya daxili projektorda göstərilir.
Staqu startapı Pəncab, Rajasthan, Uttaraxand, Uttar Pradeş, Telanqan və digər əyalətlər, hətta Dubay polisi ilə də əməkdaşlıq edir. Startap bugünədək 1100-dən çox cinayətin araşdırılmasına köməklik edib.
Motorola Solutions
Motorola Solutions şirkəti xüsusi olaraq polislər üçün yeni texnologiya hazırlamaqla məşğuldur. Motorola Solutions-ın əsas məhsulu Süni intellekt əsasında işləyən, mikrofonlu Motorola
Solutions Si500 bədən kameralarıdır.
Şirkətin Daily Herald cihazından istifadə edərək hər bir anı görüntüləyib, komanda heyəti ilə material paylaşmaq mümkündür. Motorola şirkəti, həmçinin polisi Tetra radio rabitə sistemi ilə təmin edir. Portativ radiostansiya MTP6650 Tetra uzun məsafələrdə və binaların daxilində işləyə bilər, eyni zamanda zabitin köməyinə ehtiyac olduğu təqdirdə komanda mərkəzinə avtomatik olaraq məlumat verə bilər. Hətta cihazda olan "səs yatırtma" texnologiyası fon səs-küyünün güclü olduğu fövqəladə hallarda da mərkəzə mesaj göndərməyə imkan verir.
Predpol
PredPol - cinayətin yerini, vaxtını və növünü təxmin etmək üçün daha bir Süni intellekt əsaslı texnologiyadır. PredPol texnologiyası əvvəlcə Los Angeles Polis İdarəsi və UCLA Universiteti tərəfindən hazırlanmışdı. Hazırda bu sistem üzərində polis əməkdaşları ilə birlikdə riyaziyyat elmləri doktorları, məhkəmə tibb elmləri işçiləri və sosioloqlar işləyirlər. PredPol tərəfindən hazırlanmış alqoritm iqtisadi vəziyyəti, sosial meylləri və insan davranışlarını təhlil edir, məlumatları cinayət dəlilləri ilə müqayisə edir. Cinayətin baş verə biləcəyi əraziləri (dəqiq 50 m²-ə qədər), vaxt intervallarını hesablayır. Polis cinayət növünü seçə bilər - məsələn, soyğunçuluq, xuliqanlıq və ya vandalizm. Proqram "Google Maps" əsasında xəritə yaradır, bu da çox güman ki, seçilmiş cinayət növlərinin harada baş verəcəyini göstərir. PredPol ABŞ və İngiltərə polis idarələri tərəfindən istifadə olunur.
ShotSpotter və Hunchlab
ShotSpotter sistemi Süni intellekt vasitəsilə atəş səsini tanıyan və məlumatları İnsident İstintaq Mərkəzinə ötürən bir texnologiyadır. Texnologiya şəhərdə yerləşən akustik sensorlara əsaslanır. Orada mütəxəssislər atəş səsi ilə gələn siqnalı təhlil edir. Təhlildən sonra polis əməkdaşları mütəxəssislər tərəfindən bildiriş alırlar. Bu proses orta hesabla bir dəqiqədən az çəkir. ShotSpotter ABŞ-ın yüzdən çox şəhərində, o cümlədən Cincinnati, Mayami, Çikaqo və Richmondda istifadə olunur.
Hunchlab ShotSpotter şirkətinin bir hissəsidir. Hunchlab cinayətin harada və nə vaxt baş verə biləcəyini proqnozlaşdıran proqram hazırlayır. Ən təhlükəli bölgələri müəyyənləşdirir və ora patrul göndərməyi təklif edir. Eyni zamanda, əraziyə baxış üçün optimal taktika da təklif edir. Hunchlab Philadelphia, Florida, California və ABŞ-ın digər ştatlarında istifadə olunur.
Cinayət prosesinin təhlilində dronların da rolu olduqca böyükdür.
Drone USA
ABŞ polisi tez-tez məlumat toplamaq, cinayət yerindən yayımlamaq və xilasetmə işləri aparmaq üçün dronlardan istifadə edir. Drone USA dronları idarə etmək üçün hüquq mühafizə, yanğın və ABŞ kəşfiyyatını öyrədən bir təşkilatdır.
Zala aero
Zala Aero şirkəti rus dronları istehsalçısıdır. Bu dronlar vasitəsilə hüquq mühafizə orqanlarına təhlükəli insanlar barədə xəbərdarlıq edilir. Həmçinin itkin düşənləri axtarmaq və əşyaları qorumaq üçün də istifadə olunur.Tümen bölgəsində isə sözügedən dronların köməyilə qanunsuz girişin qarşısını alınır.
Knightscope
Knightscope - təhlükəsizlik robotları ABŞ polisinə potensial təhlükəli əraziləri patrul etməyə kömək edir. Onlar əsasən dayanacaq, böyük ticarət mərkəzi və idman stadionlarına nəzarət edir. Üzləri tanıya, lisenziya nömrələrini oxuya və termalda görüntü yarada bilirlər. Bunun sayəsində Knightscope robotları adi bir yolçunu şübhəli şəxsdən ayırd edə bilər.
Genetik analiz -Family Tree DNK
Family Tree DNA insanlara qohumlarını və ya genetik ailə ağacını tapmağa kömək edir. Şirkət FTB-yə məlumat bazasına giriş imkanı verib. Bu şübhəli şəxsin uzaq qohumları vasitəsilə tapılmasına kömək edir. Bu sistem vasitəsilə 12 cinayət ttörətmiş və 51 nəfərə təcavüz etmiş "Qızıl Ştatda qatil" adını alan cinayətin üstü açılmışdı. (TED)