“IDC” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada 40 milyona yaxın planşet kompüterinin satıldığını açıqlayıb. Bu, ötən ilin göstəricisindən 5,4 faiz azdır. Analitiklər planşetlərin satışının aşağı düşməsini smartfonlara tələbatın artması, istifadəçilər tərəfindən mövcud planşetlərin əvəzlənməsinin təxirə salınması və adi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə izah edərək yeni istifadəçiləri cəlb etməyin getdikcə çətinləşdiyini bildirirlər.
FED.az xəbər verir ki, analitik şirkətin məlumatına görə, klaviaturalı planşetlər seqmentində satış artımı zəifləyib. Belə modelləri artıq “Apple” və “Microsoft” istisna olmaqla, digər şirkətlər buraxmır, kompüter istehsalçılarını isə əksər istehlakçıların seçimdə üstünlük verdiyi hibrid fərdi kompüterlər maraqlandırır.
“Apple” iri planşet istehsalçısı olaraq qalır. Ucuz “iPad” modelləri ABŞ şirkətinə 25,8 faiz bazar payı ilə birinci yerdə möhkəmlənmək imkanı yaradıb. 14 faizlə ikinci pillədə qərarlaşan “Samsung” klaviatura ilə təchiz edilən çoxlu planşet modelləri buraxsa da, satış həcmində onların payı 10 faizə yaxındır.
“Amazon” şirkətinin planşetlər bazarında aqressiv siyasət həyata keçirməsi özünü doğruldur. Belə ki, şirkət il ərzində satış həcmini 38,7 faiz, bazar payını isə 7,5 faizdən 10,9 faizədək artırmağa nail olub.
Bazar payı müvafiq olaraq 7,5 faiz və 7,4 faiz təşkil edən “Huawei” və “Lenovo” şirkətləri dördüncü yeri bölüşürlər. Hər iki şirkət əsas diqqəti ucuz qurğuların satışına və Asiya-Sakit okean və Qərbi Avropa regionlarının bazarlarına yönəldir.