2024-cü il ərzində ölkə üzrə bankomatların sayında 6.2%, o cümlədən regionlarda yerləşən bankomatların sayında isə 2.7% artım müşahidə edilib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
01.01.2025-ci il tarixinə dövriyyədə olan POS-terminalların sayı 2023-cü illə müqayisədə 38.4% artaraq 119.5 min ədədə bərabər olub.
Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 41.4% artaraq 117.3 min ədəd təşkil edib.
Quraşdırılmış POS-terminalların 98.1%-i təmassız ödənişləri dəstəkləyir. Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 17.1 min və ya 61.6% artıb.
Əməkhaqqı kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində kəskin artım müşahidə olunur. Belə ki, 2024-cü ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 47%-i nağdsız formada icra olunub.
Sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 8% bəndi artaraq 16%-ə bərabər olub.