Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub. 2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib.
Dünyada hər 4 şirkətdən 3-nə - HAKER HÜCUMU OLUR
FED.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: Müasir Çağırışlar və Hədəflər” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, ötən il aprılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib: “Ötən il dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb. Kiberhücum cəhdlərinin analizi ilə Xidmətimiz tərəfindən 1162 xüsusi kiberhücum indikatoru müəyyən edilərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb. Həmçinin 2023-cü il ərzində “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911,430,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7,464,500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103,650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməmişdir. Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınmış və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb".
Allahverən İsmayılov həmçinin əlavə edib ki, Xidmət tərəfindən dövlət qurumlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirləri həyata keçirilir: "Hazırda 30 000 dövlət qulluqçusunun istifadə etdiyi mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı mərkəzi qaydada, olduqca effektiv şəkildə alınır. Belə ki, bu sistem vasitəsi ilə cari ilin ötən dövrü ərzində 16 milyon 993 min elektron poçt emal edilmişdir ki, onlardan 15 milyon 577 min istifadəçilərə çatdırılmış, 1 milyon 416 min elektron poçtun zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilib. Hazırda bu sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-ə çatdırılması üzrə işlər yekunlaşmaq üzrədir.