Qlobal texnologiya nəhəngi olan Oracle şirkəti, Azərbaycanda IT xidmətləri, kommunikasiya və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect şirkətinin maliyyə və insan kapitalının idarə olunması üçün Oracle Fusion Bulud tətbiqini seçdiyini bildirib.
FED.az xəbər verir ki, bu barədə Oracle şirkəti tərəfindən məlumat verilib.
Oracle şirkətində ECEMEA (Şərqi və Cənubi Afrika, Orta Şərq və Afrika ölkələri) regionu Tətbiqlər üzrə vitse-prezident Waleed Abdel Hamid qeyd edib ki, “Oracle Fusion Cloud ERP və Oracle Fusion Cloud HCM kimi bulud xidmətlərinin tətbiqi Azerconnect şirkətinin İT, Maliyyə, Satınalma və İR departamentlərinin işinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Artıq İR və maliyyə sistemləri daha təhlükəsiz vahid məlumat platformasına qoşulub. Beləliklə, Azerconnect mütəmadi olaraq ən son, avtomatik yenilənmə funksiyalarından yararlanır”.
Azerconnect şirkətinin Baş direktoru Emil Məsimovun sözlərinə əsasən, “Arxa ofis funksiyalarının transformasiyası bütün dünyada iri telekommunikasiya şirkətləri arasında trendə çevrilib. Azerconnect öz müştərilərinə daha rahat və müasir xidmət göstərmək üçün biznesin rəqəmsallaşdırılmasına yönəlik proqramları davamlı olaraq həyata keçirir. Artıq bulud həlli sayəsində xidmətlərlə bağlı bütün mümkün yenilənmələr və dəyişikliklər daha sürətlə baş verəcək və şirkətimiz innovasiya, yeni biliklər və kollektiv təcrübəyə daha sürətli çıxış əldə edəcəkdir”.
“Biz Oracle Cloud ERP tətbiqinə inteqrasiya və Oracle Cloud HCM tətbiqinin işə salınması ilə əhəmiyyətli transformasiya layihəsini bir ildən az müddət ərzində həyata keçirdik. Nəticədə İR və maliyyə istiqamətləri daha səmərəli fəaliyyət göstərir və əməkdaşlarımız artıq öz bilik və təcrübələrini biznesin təhlili və inkişaf etdirilməsinə yönəldə bilirlər. Bu yeniliklər hesabına departamentlərimizin əməkdaşları işlərini daha asan və səmərəli şəkildə icra etməklə yanaşı, əsas diqqəti təhlilə, maliyyə və İR sahəsində yeni biliklər qazanmağa istiqamətləndirirlər” – deyə Azerconnect şirkətinin Baş maliyyə direktoru Orxan Nəcəfov bildirib.