FED.az xəbər verir ki, ölkənin bir çox nüfuzlu şirkətlərinin istifadə etdiyi qısa nömrə xidməti “One Smart Star Azərbaycan” artıq 5 gündür Azərbaycan torpaqlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən hərbiçilərimizə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat məbləğində maliyyə yardımı köçürüb.
Bu şərəfli, qürurlu və məsuliyyətli günlərdə xalq olaraq birləşməli, həmrəy olmalı, əl-ələ verib düşmənə qalib gəlməliyik. Şirkət bu addımı ilə üzərinə düşən borcu yerinə yetirməyə çalışır, daim Azərbaycan Ordusunun yanında olduğunu və şiddətli döyüşlər aparan Azərbaycan əsgərinə dəstəyini bildirir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.