Azərbaycanın aparıcı mobil operatoru olan «Azercell» bir qədər əvvəl dövriyyəyə buraxdığı yeni «akart» kartı ilə bağlı yeni gstəriciləri və maliyyə texnologiyaları şirkətinə çevrilmək sahəsində planlarını açıqlayıb.
Azərbaycanda «fintex inqilabı», «rəqəmsal mühit» və milli startaplar - «GSMA M360 Eurasia»
FED.az xəbər verir ki, Bakıda keçirilən beynəlxalq «GSMA M360» konfransında «Azercell»in «Big Data və Təhlillər» və « Xüsusi Layihələr » departamentinin direktoru Azad Hüseynov bildirdi ki, şirkət bu «akart» layihəsinə 2 il əvvəl başlayıb: «Biz bu səyahətə 2021-ci ildə başladıq. Bazarı təhlil etdik və düşündük ki, Azərbaycanda fintexin yaradılması üçün münbit bir mühit var».
Həmin vaxt aparılan araşdırma göstərib ki, bazarda böyük həcmdə nağd vəsaitlər var, əhalinin böyük hissəsi bank xidmətlərindən istifadə etmir, bank və qeyri-bank xidmətləri də pərakəndə şəkildədir:
«Qərar qəbul etdik ki, biznesimizi şaxələndirək. Müştərilərimizə ənənəvi telekommunikasiya xidmətləri ilə yanaşı, onların gündəlik alqı-satqı proseslərini asanlaşdıran yeni bir biz biznes istiqaməti təqdim edək. Bununla da fintex layihəsinə start verdik. Əsas hədəflərimiz maliyyə inklüzivliyini (maliyyəyə çıxışı) artırmaq və rəqəmsal iqtisadiyyatı ölkəmizdə sürətləndirməkdir».
1996-cı ildən fəaliyyətə başlayan «Azercell»in fintex-ə çevrilməsi üçün texniki problem yoxdur. Ölkənin lider mobil operatoru 5 milyondan çox abunəçi bazasına malikdir, bazar payı 49%-dir. «Azercell»in xidmətləri ölkə ərazisində 190 müxtəlif mərkəzlərdə təqdim edilir.
«Beləliklə bütün ölkəni əhatə edən şəbəkəmiz təkcə telekommunikasiya məqsədilə deyil, həm də maliyyə xidmətləri üçün istifadə olunacaq».
«Azercell» yeni məhsulu olan «akart» rəqəmsal kartını təqdim edir – burada «akart»ı maliyyə əlçatanlığını artırmaq və istehlakçılarla satıcıları birləşdirməyi hədəfləyən «FinTech həlli» adlandırırlar.
«akart» ilk dəfə 2022-ci ilin avqustunda yaradılıb – o vaxt kart istifadəçilərinin sayı 600-700 nəfər idi. Sentyabrda «akart» «Google pay» və «Apple pay» sistemlərinə qoşulub və kəşbək tətbiq edib: «Aprel ayında şəbəkəni bir qədər də böyütdük, hazırda 85 mindən çox müştərimiz var. Onların 65%-i indiyədək bank sektorunda olmayanlar, 45%-i isə region və bölgələrdə yaşayanlardır».
Yaranmasından keçən 6 aydan sonra «akart»ın aylıq dövriyyəsi 10 milyon manatı keçib, bu rəqəm hər ay artmaqdadır.