Son illərədək maliyyə bazarlarının sütunları sayılan banklar ilə yanaşı, bu sektora yeni oyunçular da daxil olur. Rəqəmsal texnologiyalarla silahlanmış fintexlər dünyaya yeni, bir smartfona sığışan daha çevik xidmətlər təklif edirlər.
Mərkəzi Bank: «Azərbaycanın kapital və bank bazarına fintex şirkətlərini cəlb etmək istəyirik»
FED.az xəbər verir ki, mayın 16-17-də Bakıda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və «Azercell»in baş sponsorluğu ilə keçirilən «GSMA M360 Eurasia» konfransında maliyyə bazarlarının rəqəmsal oyunçuları - fintexlər, eləcə də kiber təhlükəsizlik və «rəqəmsal uçurum» məsələləri müzakirə edildi.
«Rəqəmsal uçurum»un dibində qalanlar
Ötən il Mərkəzi Asiya üzrə aparılan araşdırma regionda əhalisinin yarıdan çoxunun sürətli internetdən və rəqəmsal inqilabdan kənarda qaldığını göstərmişdi - təqribən 50 milyon nəfər. Bu vəziyyət təkcə həmin şəxslərin problemi deyil, «rəqəmsal uçurum»dakılar həm də ölkənin inkişafına mane olur. Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Mochunun sözlərinə görə, genişzolaqlı internet istifadəçilərinin sayının hər 10 faiz artması ölkənin ümumi daxili məhsulunu 1,4-1,8 faiz artırır.
Azərbaycanda bu sahədəki fərqlər ən çox Bakı və regionlar arasında özünü göstərir. İnnovasiyalar və rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevanın sözlərinə görə, hətta dövlətin təqdim etdiyi elektron xidmətlərdən istifadədə regionlar Bakıdan geri qalır.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Sarah Michaelın sözlərinə görə, rəqəmsallaşmadakı gerilik özünü əhalinin iqtisadi vəziyyətində də göstərir. Belə ki, əhalini 30%-i kəndlərdə yaşasa da, aztəminatlı əhalinin 60%-i bu təbəqənin payına düşür. Rəqəmsallaşma, o cümlədən «Ağıllı kənd»lərin yaradılması, bu problemin həlli ola bilər.
Azərbaycanda bu problemi aradan qaldırmaq üçün hökumət bir tərəfdən əhalinin rəqəmsal vərdişlərini artırır, digər tərəfdən isə hamıya lazım olan yeni xidmətlər istifadəyə verir.
«Bakı və regionlarda yaşayanlar arasında fərqləri aradan qaldırmalıyıq. Hesab edirik ki, rəqəmsal savadlılığın aradan qaldırılması və rəqəmsal ekosistemi inkişaf etdirməklə «uçurumun» qarşısını almış olacağıq».
Əhalinin rəqəmsal savadını və bu sahəyə diqqətini artırmaq üçün poçtlarda onlayn xidmətlərin göstərilməsinə başlanacaq, eləcə də «ƏDV geri al» kimi faydalı xidmətlər təklif olunacaq. Ən maraqlısı – rəqəmsal vərdişlər məktəblərdə də öyrədiləcək.
İnarə Vəliyevanın sözlərinə görə, digər vacib addım demək olar ki, bütün dövlət işçilərinə rəqəmsal vərdiş təlimlərini keçilməsi olacaq.
Dünya Bankının nümayəndəsi isə ASAN Xidmətdəki xidmətləri rəqəmsallaşdırmağı təklif etdi. Onun sözlərinə görə, rəqəmsal bacarıqlar artsa, kənd sakinləri öz məhsullarını internetlə də sata biləcəklər.
Azərbaycanda «fintex inqilabı»
Rəqəmsallaşmanın gətirdiyi əsas yeniliklərdən biri çoxsaylı və fərqli yeni maliyyə xidmətləridir. Dünyada bununla məşğul olan maliyyə texnologiyaları şirkətlərinin – «fintex»lərin sayı sürətlə artmaqdadır. Təqribi hesablamalara görə, son 3 ildə fintech bazarı təqribən 2 dəfə böyüyüb və onun həcmi tezliklə təxminən 1 trilyon ABŞ dollarına çatacaq. Azərbaycan da bu trilyonluq piroqdan payını götürməyə çalışır.
«GSMA M360» konfransında Azərbaycanda fintex texnologiyaların tətbiqi və inkişafı bütün tərəflərin iştirakı ilə müzakirə edildi - Mərkəzi Bank, özəl bank, fintex şirkəti və ...fintex olmağa hazırlaşan mobil şirkətlər.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bildirir ki, maliyyə sistemi tədricən rəqəmsallaşır – son 5 ildə rəqəmsal ödənişlər 80% artıb, internet bankçılığın həcmi 8 dəfə, mobil bankçılıq isə 40 dəfə böyüyüb.
AMB rəsmisinin sözlərinə görə, bazarda bir neçə fintex şirkəti olsa da, onlar əsasən ödənişlərlə məşğuldurlar: «Biz isə fintexlərin kapital və bank sektoruna yönəlməsini istəyirik».
Bunun üçün AMB qanunvericiliyə dəyişikliklərə hazırlaşır, eləcə də Rəqəmsal ödənişlər strategiyasının hazırlanmasına başlayıb: «Qanunvericiliyə müəyyən dəyişikliklərin təşəbbüsünü irəli sürməklə Azərbaycan bazarına yeni «fintex» şirkətlərinin daxil olmasını təşviq edirik».
Fintex artıq smartfonlarımızdadır- «Azercell» Azərbaycanın telekommunikasiya bazarında «akart» ilə yeni bir dövrə qədəm qoydu
«GSMA M360» konfransının ən maraqlı hissəsi fintex sessiyasında açıqlandı – ölkənin lider mobil operatoru «Azercell» fintex şirkətə çevrilmək planını və bu sahədəki yeni məhsulu olan «akart»la bağlı məlumatları açıqladı. «Azercell»in «Big Data və Təhlillər» və « Xüsusi Layihələr » departamentinin direktoru Azad Hüseynov bildirdi ki, şirkət bu layihəyə 2 il əvvəl başlayıb: «Biz bu səyahətə 2021-ci ildə başladıq. Bazarı təhlil etdik və düşündük ki, Azərbaycanda fintexin yaradılması üçün münbit bir mühit var».
Həmin vaxt aparılan araşdırma göstərib ki, bazarda böyük həcmdə nağd vəsaitlər var, əhalinin böyük hissəsi bank xidmətlərindən istifadə etmir, bank və qeyri-bank xidmətləri də pərakəndə şəkildədir: « Qərar qəbul etdik ki, biznesimizi şaxələndirək. Müştərilərimizə ənənəvi telekommunikasiya xidmətləri ilə yanaşı, onların gündəlik alqı-satqı proseslərini asanlaşdıran yeni bir biz biznes istiqaməti təqdim edək. Bununla da fintex layihəsinə start verdik. Əsas hədəflərimiz maliyyə inklüzivliyini (maliyyəyə çıxışı) artırmaq və rəqəmsal iqtisadiyyatı ölkəmizdə sürətləndirməkdir».
«Ölkə əhalisinin yarısı bizim müştərimizdir»
1996-cı ildən fəaliyyətə başlayan «Azercell»in fintex-ə çevrilməsi üçün texniki problem yoxdur. Ölkənin lider mobil operatoru 5 milyondan çox abunəçi bazasına malikdir, bazar payı 49%-dir. «Azercell»in xidmətləri ölkə ərazisində 190 müxtəlif mərkəzlərdə təqdim edilir.
«Beləliklə bütün ölkəni əhatə edən şəbəkəmiz təkcə telekommunikasiya məqsədilə deyil, həm də maliyyə xidmətləri üçün istifadə olunacaq».
«Azercell» yeni məhsulu olan «akart» rəqəmsal kartını təqdim edir – burada «akart»ı maliyyə əlçatanlığını artırmaq və istehlakçılarla satıcıları birləşdirməyi hədəfləyən «FinTech həlli» adlandırırlar.
«akart» ilk dəfə 2022-ci ilin avqustunda yaradılıb – o vaxt kart istifadəçilərinin sayı 600-700 nəfər idi. Sentyabrda «akart» «Google pay» və «Apple pay» sistemlərinə qoşulub və kəşbək tətbiq edib: «Aprel ayında şəbəkəni bir qədər də böyütdük, hazırda 85 mindən çox müştərimiz var. Onların 65%-i indiyədək bank sektorunda olmayanlar, 45%-i isə region və bölgələrdə yaşayanlardır».
Yaranmasından keçən 6 aydan sonra «akart»ın aylıq dövriyyəsi 10 milyon manatı keçib, bu rəqəm hər ay artmaqdadır.
Tədbirdə ölkənin ən böyük özəl bankını – «Paşa Bank»ı təmsil edən baş direktor Calal Orucovun sözlərinə görə isə fintexlərin inkişaf etməsi üçün qanunvericilik təkmilləşməlidir: «Hazırkı qanunlar ölkəyə yeni texnologiyaların gəlişinə mane olur – bu dünya miqyasında bir əngəldir».
Kibertəhlükəsizlik: «Biz sizin xəstəliyinizi bilirik»
Rəqəmsallaşma nə qədər böyük imkanlar və faydalar gətirsə də, ondan daha artıq risklər yaradır. Olduqca böyük saya və çeşidə malik olan rəqəmsal məkanda risklərdən qorunmaq böyük problemə çevrilib – buna kibertəhlükəsizlik qurumları cavabdehdir.
Əksəriyyət kiber təhlükə dedikdə bank kartındakı pulların silinmsəsini və ya şəxsi məlumatların sosial şəbəkələrə sızmasını başa düşür, amma məsələ daha ciddidir. Konfransda çıxış edən Qazaxıstanın TSARKA şirkətinin təsisçisi və CEO-su Olzhas Satiyev bildirir ki, ötən il haker hücumlarından biri tibbi testlərin və onların cavablarının oğurlanması ilə bağlı olub: «Məlum oldu ki, dələduzlardan biri 7 milyon insanın test məlumatlarını əldə edib və onları müxtəlif xəstəliklərinin bildikləri ilə şantaj etməyə başlayıblar. Bu şəxsi məlumatların yayılması riski idi və bizim müdaxiləmizlə qarşısı alındı».
Amma kibertəhlükəsizlik təkcə şəxsi məlumatlarla bağlı deyil – biznesə də böyük risklər yaradır. Araşdırma göstərir ki, kibertəhlükəsizlik riskləri, daha sadə desək, haker hücumları ən çox təchizat zəncirində baş verir.
GSMA-nın strateji əməkdaşlıq üzrə direktoru Tair İsmayılovun sözlərinə görə, təhcizat zəngcirinə kiber hücumlarla bağlı 7 milyona yaxın protokol qeydə alınıb. Bunun qarşısını almaq üçün əsas addım şəbəkənin qorunmasıdır – əks halda dələduzluq riskləri biznesə zərər vuracaq, hazırda biznes buna görə gəlirlərinin 4-10%-ni itirir.
Belə halların qarşısını almaq üçün GSMA dünyadakı mobil operatorlara təhlükəsizlik xidmətləri təqdim edir: «Problemi aşkar edib digər operatorların arasında paylaşırıq ki, belə problemlərlə üzləşməsinlər».
Azərbaycan gəncləri Barselonada keçirilən növbəti GSMA tədbirində iştirak edəcək
«GSMA M360» konfransının ən maraqlı anlarından biri tədbirdə Azərbaycan startaplarının təqdimatı oldu. Burada müxtəlif sahələri əhatə edən 5 startap təqdim edildi. Qaydalara görə, iştirakçıların simpatiyasını qazanan startap Barselonada keçirilən növbəti GSMA tədbirində təqdim olunmaq şansı qazanacaqdı. Səsvermə nəticəsində ailə maliyyəsinin idarə edilməsi və uşaqların hələ kiçik yaşlarından maliyyə savadının artmasına həsr olunan «Kid-fi» startapı qalib gələrək Barselonada Azərbaycanı təqdim etmək şansı qazandı.