İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti (AzTU) və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanıb.
“Nokia”nın Azərbaycan üzrə rəhbəri dəyişdi – TƏYİNAT
FED.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan Texniki Universitetinin radiotexnika və telekommunikasiya fakültəsində "Nokia"nın tam təchiz etdiyi yeni laboratoriya açılacaq.
Bu gün baş tutan görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, "Nokia" şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe, digər rəsmilər və qurum nümayəndələri iştirak edib. Görüşdə yeni laboratoriyanın ölkənin texnoloji inkişafında əhəmiyyətindən söz açılıb, burada yaradılacaq şərait, görüləcək işlərlə bağlı məlumat verilib.
İRİA-nın sədr əvəzi İnarə Vəliyeva laboratoriyanın yaradılmasını irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib: "Məqsədimiz ilk olaraq universitet daxili tədqiqat və inkişaf mərkəzlərin formalaşdırılması, eləcə də yeni növ tələblərə cavab verən texniki avadanlıqların iş prinsipi ilə tanışlıq və tətbiq imkanlarının artırılmasını təmin etməkdir. Ümid edirik ki, bu əməkdaşlığın nəticələri bütövlükdə cəmiyyətə fayda verə biləcək yeni həllərin və texnologiyaların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq".
Vilayət Vəliyev AzTU-nun ölkənin qabaqcıl texnologiya universitetinə çevrilməsi üzrə görülən işlərdən danışaraq, açılacaq laboratoriyanın bu istiqamətdə yaradacağı fürsətlərə diqqət çəkib.
“Nokia” şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe şirkətin ölkəmizdə gördüyü işlərdən danışıb, laboratoriyada istifadəyə veriləcək avadanlıqlar, tətbiq olunan texnologiyalar barədə məlumat verib.
Qeyd edək ki, ilkin mərhələdə universitetin radiotexnika və telekommunikasiya fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. “Nokia” şirkətinin ekspertlərinin iştirakı ilə mütəmadi olaraq təlimlər baş tutacaq.
Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.