Son illərdə daha da məşhurlaşan “network marketing” (şəbəkə marketinqi-red.) nədir? Bəzi yerlədə “Network marketing”ə dələduzluq piramidası da adlandırırlar. Şübhəsiz ki, bəzi şəxslər şəbəkə marketinqi ilə məşğul olaraq uğur nərdivanında pillə-pillə yüksəlirlər, yüksək gəlirlər əldə edirlər, amma bəziləri isə uğursuzluğa düçar olurlar.
Şəbəkə marketinqinin üstün tərəfləri ondan ibarətdir ki, siz asan başlanğıcla işə başlayırsınız. Əgər internet üzərindən şəbəkə marketinqi ilə məşğul olursunuzsa, elə iş ilə bağlı bütün təlimatları internet üzərindən alırsınız.
Sərbəst qrafik, qeyri-məhdud gəlirin olması, passiv qazancın olması, dəstəyinizin olması şəbəkə marketinqinin üstün cəhətləridir. Şəbəkə marketinqin mənfi cəhəti isə ondan ibarətdir ki, sizin rəsmi iş yeriniz, sabit gəliriniz yoxdur. Adıçəkilən biznesdə dələduzluğun olması da elə bu dəfəki yazımızın mövzusudur.
Məsələn, “Network marketing” sistemi ilə məşğul olan bir şirkətə gedirsiniz və təxminən 1000 manat civarında bir məbləğ ödəyirsiniz. Sizdən 2 nəfər yeni üzv tapmağınızı istəyirlər və həmin üzvlər sizin sağ və sol qolunuz adlandırılır. Təbii ki, sizin tapdığınız üzvlər də 1000 manat ödəyir. Daha sonra sizin gətirdiyiniz üzvlər də ayrı-ayrılıqda 2 yeni üzv tapır və beləcə onlar sizin alt qollarınız olaraq davam edir, təbii ki, 1000 manatlar da eynilə artaraq gedir.
Bəs necə pul qazanırıq, nə edirik deyə soruşsanız, cavab: Heç bir şey!
Hər kəs asan yoldan zəngin olmaq istədiyi üçün bunu eşidən hər insan sınamaq istəyir. Zəngin olmaq xəyalı insana hər şeyi etdirir. “Network marketing” sisteminin cəlbedici tərəflərindən biri də, sözdə pul qazanan üzvlərdir. Bu işi görən şirkətlər, sayı 10-u keçməyən bir şəkildə işçilər müəyyənləşdirirlər və bunlara ayrıca ofis, son model avtomobil, pul verirlər.
Sizi görüşməyə çağıran bu adamların danışdıqları əhvalatlar da nədənsə heç vaxt dəyişmir: “Mən də sənin kimi başladım, heç ümidim yox idi, amma indi bax, özümə aid ofisim, aylıq 10 000 dollar gəlirim, son model avtomobilim var”. Kim istəməz ayda 10 000 dollar, son model avtomobil? Əksəriyyət bunlara inanır, mənim niyə olmasın deyir. “Network marketing”sistemi illər öncə “Titan” olaraq ortaya çıxmışdı. Daha sonra isə “Titan”ın qurucusu bütün pulları götürüb qaçmışdı. Nəticədə məlum olmuşdu ki, “Titan”daki iş prinsipi qanuni deyildi.
Amma sonralar “Network marketing”i qanuni hala gətirdilər. Sizin yatırdığınız 1000 AZN qarşılığında sizə bir şey satırlar. Bu vəziyyətdə sən bu pulu hardan tapdın deyə soruşsanız, 1000 manat qarşılığında bu məhsulu satdıq deyirlər.
Bu vəziyyətdə sizin də hər hansı bir qanuni haqqınız olmur, çünki siz, yatırdığınız 1000 manat qarşılığında məhsul alıbsınız. Heç bir yatırım haqqınız olmur. Bu sistemin qısa məzmunu belədir: Siz üzv oldunuz, 1000 AZN yatırdınız və sizin yatırdığınız pulun bir qismini digət üzvlərə paylayırlar, yeni üzvlər gəldikcə, ondan aldıqları 1000 AZN-i başqa üzvlərə verirlər.
Bu sistem bir yerdə ilişir və olan sizə olur. Bu sistemin uzun illər işləməsi mümkün deyil. Əgər bu sistem bu cür olsaydı: Siz 1000 AZN yatırdınız, 2 nəfər üzv gətirdiniz və onlar da bu məbləğdə pul yatırdı və bu beləcə uzandı. Sizin yatırdığınız pullarla bir investisiya edilsə, mənfəətdən pay verilsə, o zaman anlamaq olar. Ancaq heç bir istehsal, investisiya, faiz olmadan bu pul necə dövriyyə edəcək? Sonda zərər yenə sizə dəyəcək.
Qeyd edək ki, Azərbaycanda “Network marketing” hələ 2000-ci illərdə yaranmağa başlayıb. İqtisadi şəraitin çətinləşdiyi, şirkət rəhbərlərinin işçi heyətində ixtisara getdiyi bir çox ölkələrdə insanlar şəbəkə marketinqinin təkliflərinə şübhə ilə yanaşmır. Dünyada şəbəkə biznesinin dövriyyəsi 150-200 milyard dollar səviyyəsində qiymətləndirilir.
Ən böyük korporasiyalar adıçəkilən biznesdə 5 milyarddan 9 milyarda qədər dövriyyəyə malikdirlər. Bir sıra ölkələrdə, məsələn, Cənubi Koreya, ABŞ-da şirkətlərin şəbəkə marketinqi ilə bağlı fəaliyyətlərinə qanunvericilik çərçivəsində məhdudiyyətlər qoyulmuşdur. Şəbəkə marketinqi ilə “Zepter International”, “Vitamax”, “Oriflame”, “Nature’s Sunshine Products”, “Talk Fusion”, “Avon Products”, “Neways”, “Faberlic”, “Amway”, “Mary Kay”, “Primerica”, “Shaklee”, “Kirby” kimi şirkətlər məşğul olur.