Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) son 1 il ərzində Bakının Səməd Vurğun, Rəsul Rza, Xəqani, Üzeyir Hacıbəyov, Bülbül, 28 may, Füzuli, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva küçələrindəki binaların, eləcə də tarixi abidələrin üzərindəki açıq məkan reklamlarının yenilənməsini həyata keçirib.
FED.az xəbər verir ki, sahibkarlara yeni eskizlərlə bağlı məsləhətlər verilib, tikililərin estetik görünüşünə uyğun olmayan, onların fasadlarına xələl gətirən reklamlar demontaj olunub. Hazırda Təbriz və Ağa Neymətulla küçələrindəki açıq məkan reklamları ilə bağlı yenilənmə işləri aparılır və proses mərhələli şəkildə davam etdirilir.
ADRA mütəmadi olaraq monitorinqlər aparır və qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin yayımı dayandırılır. 2024-cü ildə açıq məkanda ölkə üzrə ümumilikdə qanunvericiliyin tələblərinə cavab verməyən 24 000-ə yaxın reklam demontaj olunub ki, onlardan 99-nu tarixi binaların üzərindəki reklamlar təşkil edib. Bu isə o deməkdir ki, əvvəlki illərlə müqayisədə tarixi binaların üzərində qeyri-qanuni yerləşdirilən reklamların sayında xeyli azalma var.