2025-ci ilin aprel ayında Azərbaycan üzrə mobil telefon istehsalçılarının bazar payında müəyyən dəyişikliklər müşahidə olunub.
“AzInTelecom” “Gcore” şirkəti ilə birgə “AzInCloud” platformasını - TƏQDİM ETDİ - VİDEO
FED.az xəbər verir ki, əldə edilən son statistikaya əsasən, Apple liderliyini qoruyub və bazar payı 27.39% təşkil edib. Mart ayı ilə müqayisədə şirkətin bazar payında az da olsa geriləmə qeydə alınıb. Belə ki, ötən ay bu göstərici 27.63% idi.
Samsung da bazarda ikinci sırada qərarlaşıb və aprel ayında onun payı 22.88% təşkil edib. Bu, mart ayındakı 23.15% göstəricisindən aşağıdır. Üçüncü yerdə qərarlaşan Xiaomi isə 11.17% bazar payı ilə stabil mövqeyini qoruyub, martda bu rəqəm 11.2% olmuşdu.
İstehsalçısı naməlum olan cihazların payında da artım müşahidə olunub. Mart ayında 7.06% olan bu göstərici aprel ayında 7.5%-ə yüksəlib. Oppo bazarda 5.91%, Vivo isə 5.83% payla iştirak edir. Hər iki şirkət üçün də mart ayı ilə müqayisədə cüzi artım qeydə alınıb. Belə ki, Oppo martda 5.74%, Vivo isə 5.53% göstəricisinə sahib idi.
Son olaraq Realme markasının bazar payında da artım var. Martda 3.71% olan Realme aprel ayında 3.96%-lik göstərici ilə çıxış edib.
Ümumilikdə, 2025-ci ilin aprelində aparıcı mobil telefon markalarının bazar paylarında kiçik dalğalanmalar qeydə alınıb. Apple və Samsung liderliklərini saxlasalar da, bazarın dinamikası bəzi Asiya markalarının yavaş-yavaş mövqelərini gücləndirdiyini göstərir.