NETTY 2019 Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimi keçirilib. Mərasimdə cari ildə müsabiqədə iştirak edən “Dövlət”, “Mədəniyyət və yaradıcılıq”, “İqtisadiyyat və biznes”, “Təhsil və elm”, “İnformasiya və xəbərlər”, “Elektron xidmətlər və ticarət” və s. nominasiyalar üzrə ən yaxşı internet resursları elan olunub.
FED.az xəbər verir ki, dövlət internet saytları üzrə nominasiyada Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” – www.intangible.az portalı qalib olub. Bundan əlavə, “Mədəniyyət və yaradıcılıq” nominasiyasında http://shekiculture.az saytı 1-ci yeri qazanıb. Bu istiqamət üzrə 2-ci yeri http://ismayilliculture.az saytı tutub.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının NETTY 2019 Azərbaycanın Milli internet mükafatına layiq görülməsini yüksək qiymətləndirərək bu layihənin mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfə olduğunu vurğulayıb. Nazir müavini diqqətə çatdırıb k, reyestrin yaradılması ölkəmizdə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”dan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir.
Qeyd edək ki, 2004-cü ildə təsis edilən NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Hər il bu müsabiqədə ən yaxşı internet layihələri, əhəmiyyətli veb-resurslar və informasiya texnologiyaları sahəsində peşəkarlar müəyyən edilir və mükafatlandırılır. Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi, “Nar” şirkətinin əsas tərəfdaşlığı keçirilib.