“Hesablarda istifadə edilən parollar bir qədər qəliz olmalıdır. Hətta yanınızda olan kiminsə yanında bu parolu daxil etməməlisiniz. Parolu əlinizin altında olan kompyuter yaxud hansısa mənbədə açıq şəkildə yazıb nümayiş etdirməməlisiniz”.
FED.az xəbər verir ki, bunu jurnalistlərə ictimai yerlərdə quraşdırılan WiFi şəbəkələrindən təhlükəsiz istifadə edilməsi qaydalarını izah edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, nazirliyə sosial şəbəkə hesablarının oğurlanması ilə bağlı tez-tez müraciətlər olur: “Bu kimi sadə təhlükəsizlik tədbirlərinə riayət edilməlidir ki, istifadəçilər qarşısında sabah hansısa fəsadlar ortaya çıxmasın. Bizim nazirliyə müraciətlər daxil olur. Xüsusən də sosial şəbəkələrlə bağlı. Elektron təhlükəsizlik xidməti bu sahədə vətəndaşlara öz köməyini göstərir. İtirilmiş hesabların geri qaytarılması üçün onlara yardımçı olur. Belə halların baş verməməsi üçün kibertəhlükəsizlik mədəniyyətinin tərkib hissələri olan elementar təhlükəsizlik məsələlərini hər bir istifadəçi bilməlidir”.