Naxçıvanda telekommunikasiya xidmətlərinin – internet və keyfiyyətli rabitənin əhatə dairəsi artırılır.
Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən FED.az-a verilən məlumata görə, yanvar-may ayları ərzində muxtar respublikada 733 abonent yeni stasionar telefon xətti ilə, 2179 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.
GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 45 abonentin mənzilinə isə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
İnternetə artan tələbatı qarşılamaq üçün bu ilin yanvar ayında Naxçıvan şəhərinin Qaraxanbəyli, Ordubad rayonunun Aza, Kəngərli rayonunun Qarabağlar, Culfa rayonunun Bənəniyar, Yaycı, Ərəzin kəndlərində və rayon mərkəzində istismarda olan avtomat telefon stansiyalarının internet tutumları da artırılıb ki, nəticədə 550-dən artıq istifadəçinin internet ximətlərinə olan tələbatının ödənilməsinə şərait yaradılıb.
Həmçinin, hesabat dövründə rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınması məqsədilə evlərdə monitorinqlər aparılıb, yaranmış nasazlıqlar operativ olaraq aradan qaldırılıb.