“Nar” gənclərin uğurlu karyera qurmalarına dəstək olmaqda davam edir.
FED.az xəbər verir ki, mobil operator ADA Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Karyera həftəsi”ndə iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar” satış, marketinq sahələri üzrə vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə“Nar” stendinə maraq böyük olub.
Martın 1-də “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən karyera yarmarkasında 110-dan artıq dövlət və özəl şirkət iştirak edib. ADA Universitetində 7-ci dəfədir ki, təşkil edilən karyera yarmarkasına 2000-ə yaxın tələbə və məzun qatılıb. Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara müxtəlif şirkətlərin insan resursları departamentinin nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı yaratmaqdır.
Qeyd edək ki, gənclərə dəstək məqsədilə “Nar”ın ADA Universiteti ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.