“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə baş tutan “Günün Qəhrəmanları” yazı müsabiqəsi başa çatıb. Müxtəlif sahələrdə çalışan və pandemiya dövründə öz qəhrəmanlıqları ilə fərqlənən insanlar haqqında yazıları bir araya gətirən müsabiqə cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Həm jurnalistlərin, həm də sosial media istifadəçilərinin qatıldığı müsabiqəyə 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər içərisindən müsabiqənin şərtlərinə cavab verən 78 yazı münsiflər heyətinə təqdim edilib.
Müəlliflər yazılarının baş qəhrəmanları olaraq pandemiya dövründə ön cəbhədə vuruşan həkimləri, tibb işçilərini, əczaçıları, tibbi avadanlıq mühəndislərini, istənilən şəraitdə şagirdlərinə bilik verməyə hazır olan müəllimləri, ictimai təhlükəsizliyə cavabdeh olan polisləri, vətəndaşların sorağına çatan sosial işçiləri, könüllü gəncləri, ictimaiyyəti məlumatlandırmaq üçün riskli bölgələrdən reportaj hazırlayan jurnalist-fotoqrafları seçiblər.
“Müsabiqədə iştirak üçün göndərilən hər bir yazı bizim üçün xüsusi dəyər daşıyır. Fərqli qəhrəmanların real hekayələri bu dövrdə çalışan insanların işlərinin necə çətin və məsuliyyətli, eyni zamanda bir o qədər də şərəfli və nümunəvi olduğunu göstərdi. “Nar” olaraq günün qəhrəmanlarının ictimaiyyətdə tanıdılmasına öz töhfəmizi verə bildiyimiz üçün çox şadıq”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
“Bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla mübarizə tədbirləri çərçivəsində sosial layihələrin də baş tutması və insanların bu layihələrə marağı olduqca təqdirəlayiqdir. Bu mübarizədə TƏBİB, eləcə də qəhrəman həkimlərimizlə yanaşı, həm də gecə-gündüz yorulmadan çalışan polislər, nəqliyyatçılar, əczaçılar, satıcılar, jurnalistlər, müəllimlər və digər peşə sahibləri də günümüzün qəhrəmanlarına çevrildilər. Bu günlərdə xalqımızın hər bir nümayəndəsi milli birlik nümayiş etdirərək bir-birinə istənilən məsələdə yardım edərək əsl vətənpərvərlik nümunəsi göstərdilər. Ayrı-ayrılıqda hər birimizin koronavirusdan sağalması kifayət deyil, bütün qaydalara riayət edərək bütövlükdə Azərbaycanımızın sağalmasına nail olmalıyıq!”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən daşıdığı sosial mesaja və məzmunun keyfiyyətinə əsasən qiymətləndirilib. Belə ki, ümumi nəticələrə əsasən, 1-ci yerin qalibi “Ağ libaslı mələk” (müəllif: Vüsal Tağıbəyli) hekayəsi, 2-ci və 3-cü yerləri tutan yazılar isə müvafiq olaraq, “Aprel döyüşünün müzəffər əsgəri COVİD-lə mübarizə aparır” (müəllif: Aida Eyvazova) və “Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” (müəllif: Könül İbrahim) olub. Həvəsləndirici yerlərdə isə “Göz həkiminin gözləri pandemiyanı necə görür?” (müəllif: Sevinc Eminzadə), “Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin portreti” (müəllif: Elmin Nuri), Bütün bunlar sadəcə bir anlıq idi (müəllif: Əziz Elxanoğlu) və sosial media istifadəçisi Ülviyyə Quliyevanın “Karantində sosial təşəbbüs göstərən usta” yazıları yer alıb.