«Şirkətimizin maliyyə göstəricilərinin, o cümlədən investisiya həcmlərinin açıqlanması insanları yanılda bilər». FED.az xəbər verir ki, bunu martın 13-də Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin “Nar”ın maliyyə hesabatının açıqlanmamasının səbəbi ilə bağlı sualını cavablandıran şirkətin baş icraçı direktoru Qunnar Panke deyib.
Şirkət rəhbəri bildirib ki, investisiya qoyuluşları həm infrastruktura, məsələn baza stansiyalarının qurulmasına, həm də xidmət proseslərinə yatırılır: «Digər tərfədən bu cür rəqəmlərdə, məsələn illik investisiya həcmləri barədə rəqəmlərdə artım və azalma olduğu üçün həmin rəqəmlərin açıqlanması düzgün anlaşılmaya bilər».
Q.Panke bildirib ki, bu sahədə texnologiyalar sürətlə dəyişir, yeni texnologiyalar tətdiq edilir. Ona görə də, bu sahədə əsas məsələ müştəriyə təqdim edilən xidmətin keyfiyyəti və həmin proseslərə investisiyadır.
«NAR»ın baş direktoru bildirib ki, əslində hazırda bütün mobil operatorlarda xərc və ya yatırım rəqəmləri bir-birinə yaxındır: «Məsələn, baza stansiyalarına yatırımlara gəlincə, operatorların hamısı bu sahəyə eyni yatırımlar edir və bu rəqəmlər ciddi fərqlənmir. Beləliklə, xərclər nöqteyi-nəzərindən baxanda bunlar bütün operatorlar üçün eynidir».
Bununla yanaşı, «NAR» rəhbəri şirkətin gəlirlərinin artım dinamikası ilə bağlı ümumi məlumatları açıqlayıb. Onun sözlərinə görə, şirkətin gəlirlərinin artımı onun aktiv abunəçilərinin sayının artımı ilə eynidir. Qeyd edək ki, aktiv abunəçilər 2018-ci ildə 13% artıb. Bundan başqa, Q.Panke qeyd edib ki, «NAR»ın internet internet xidmətlərindən gəlirləri daha çox yüksəlib: «Data (internet) xidmətləri aparıcı mövqeyə malikdir. Abunəçilərimizin 1,2 milyonu data istifadəçiləridir və bu sahədə gəlirlərdə 40% artım var».