İyulun 9-dan başlayaraq “Asan İmza” xidmətini istifadə edən “Nar” abunəçiləri mövcud SIM kartı dəyişmədən xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər.
Bunun üçün abunəçilər “8500” qısa nömrəsinə uyğun açar sözündən ibarət SMS göndərməlidir. Qeyd edək ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir. Eyni zamanda “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış istifadəçilərdən vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.
“Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır.
Abunəçi “Asan İmza” xidmətinə ilk dəfə qoşulmaq üçün “Nar” Xidmət Mərkəzinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 il müddətinə qoşula bilər. Hər hansı səbəbdən Asan İmza xidmətini ləğv etmiş (o cümlədən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilmiş, nömrənin təkrar həmin və ya başqa abunəçinin istifadəsinə verilməsi halları da daxil olmaqla) abunəçilərə, SMS xidmətindən istifadə etməklə “Asan İmza” xidmətini növbəti müddətə aktiv etmək mümkün olmayacaq.
Daha ətraflı məlumatı https://www.nar.az/asanimza/ və https://asanimza.az/asan-imza-az/2020/asan-imza-sertifikatlarinin-onlayn-uzadilmasi/ səhifələrindən əldə etmək olar. Bu xidmətdən “Asan İmza” SİM kartını istifadə edən və həmin SİM kartda “Asan İmza” xidmətinin etibarlılıq müddəti bitən abunəçilər yararlana bilərlər.